Donbas işğal edilsə də, müharibə bitməyəcək, çünki...
Donbasın ələ keçirilməsi Rusiya üçün son məqsəd olmayacaq, çünki Vladimir Putin üçün uzunmüddətli müharibə prosesi özü əhəmiyyətlidir və bu proses ona hakimiyyətdə qalmağa kömək edir.
Axar.az xəbər verir ki, bunu Ukraynanın 429-cu "Axilles" pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko deyib.
Rusiyanın 2027-ci ilin payızına qədər Donbas üzərində tam nəzarət yaratmasının hərbi baxımdan nə dərəcədə real olduğu sualını cavablandıran Fedorenko hesab edir ki, Prezident Vladimir Putin üçün əsas məsələ müəyyən ərazini ələ keçirməkdən daha çox, uzunmüddətli müharibənin özüdür:
“Birbaşa xarici düşmən olduğu müddətdə onun hakimiyyəti möhkəmdir. Çünki o, Rusiyanın daxilində mövcud olan resursları özlərinin yaratdığı xarici düşmənlə – Ukrayna ilə mübarizə üçün səfərbər edir. Buna görə də döyüş əməliyyatlarının davam etməsi hazırda Putinin hakimiyyətdə qalmasını təmin edən amildir. Donbasla bağlı eşitdikləriniz isə informasiya kampaniyaları və manipulyasiyalardır”, – deyə Fedorenko bildirib.
Onun sözlərinə görə, rusların Donbası ələ keçirəcəyi təqdirdə müharibənin həmin gün başa çatacağı ilə bağlı iddialar reallığa uyğun deyil.