Siyasət
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb - FOTO
Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib. Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb. V.Yuşenko Şəhidlər xiyabanını ziyarət edib. O, həmçinin 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb. Bundan başqa, V.Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub. V.Yuşenko, həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı fotosərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az