İqtisadiyyat
Azərbaycanda orta illik inflyasiya AÇIQLANIB
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 5.8 faiz, orta illik inflyasiya isə 5.7 faiz təşkil edib. Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə orta illik ərzaq qiymətləri 6.6 faiz, qeyri-ərzaq qiymətləri 3.9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər isə 5.7 faiz artıb. Hesabat dövründə manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7.1 faiz artaraq 42 354.2 milyon manata, nağd pul kütləsi (M0) isə 5.8 faiz artaraq 18 994.8 milyon manata çatıb. İlin birinci yarısında bank sisteminin kredit portfeli 5.8 faiz artaraq 31 821.3 milyon manat təşkil edib. Bank sisteminin kredit portfelinin strukturunda ev təsərrüfatlarına ayrılan kreditlər 74.6 faiz üstünlük təşkil edib. Məlumata görə, son bir ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 1.6 faiz bəndi azalaraq iyunun sonuna 27.9 faizə düşüb.
Mənbə
oxu.az