Dünya

Kuşner Misirdə HƏMAS lideri ilə görüşüb

16 Aug 2026, 22:24 2 baxış
Kuşner Misirdə HƏMAS lideri ilə görüşüb
ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner avqustun 16-da Misirin Əl-Əlameyn şəhərində HƏMAS lideri Xəlil əl-Həyyə ilə görüşüb. Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir ki, görüşdə Sülh Şurasının nümayəndələri Nikolay Mladenov və Toni Bler, həmçinin Misir, Qətər və Türkiyənin yüksəksəviyyəli diplomatları iştirak ediblər. Bu, Kuşnerin 2025-ci ilin oktyabrında İsraillə atəşkəs və girovların azad edilməsi barədə razılaşmanın yekunlaşdırılmasından sonra HƏMAS rəhbərliyi ilə ilk görüşü olub. Kuşner görüş zamanı HƏMAS-ı iyulun 30-da razılaşdırılmış tərk-silah planının icrasına başlamağa çağırıb. HƏMAS lideri isə qruplaşmanın plana sadiq qaldığını, lakin onu İsrailin də öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə həyata keçirəcəyini bildirib. Kuşner HƏMAS silahları təhvil verməyə başladıqdan sonra ABŞ-nin nəzarətində olan Sülh Şurasının Qəzzada zərbələri dayandırması və qoşunlarını mərhələli şəkildə ərazidən çıxarması üçün İsrailə təzyiq göstərəcəyinə dair əl-Həyyəyə təminat verib. O həmçinin HƏMAS-ı Qəzzada silahlı qüvvələrinin nümayişinə son qoymağa və idarəetmənin yeni Fələstin texnokrat hökumətinə verilməsini təmin etməyə çağırıb. Kuşner daha sonra İsrailə gedəcək və avqustun 17-də Baş nazir Benyamin Netanyahu ilə görüşəcək. Bu arada İsrail ordusu Qəzzada zərbələri davam etdirib. İsrail hərbçilərinin məlumatına görə, Xan Yunisdə Fələstin İslami Cihadının üzvü, Nuseyratda isə HƏMAS-ın bir üzvü hədəfə alınıb. Fələstin mediası hər iki zərbə nəticəsində bir neçə nəfərin yaralandığını bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər