İqtisadiyyat

Dövlət büdcəsində MİLYARDLIQ PROFİSİT: Maaş və pensiyalar arta bilər? - VİDEO

16 Aug 2026, 20:00 1 baxış
Dövlət büdcəsində MİLYARDLIQ PROFİSİT: Maaş və pensiyalar arta bilər? - VİDEO
2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrası nəticəsində 3 milyard 420,3 milyon manat profisit yaranıb. Profisit büdcənin gəlirlərinin xərclərdən çox olmasıdır. Baku TV-nin məlumatına görə, əvvəlki illərdə belə vəziyyətdə, yəni büdcədə profisitin yaranması, gəlirlərin daha çox olacağının proqnozlaşdırılması, həmçinin xərclərin artırılmasına zərurətin yaranması fonunda dövlət büdcəsinə dəyişikliklər edilib. Belə ki, 2022-ci, 2023-cü və 2024-cü illərin dövlət büdcələrinə əlavə daxilolmalar hesabına bir sıra xərclər artırılıb. Maraqlıdır, bəs 3-4 milyard manatlıq profisit 2026-cı ilin büdcəsinə yenidən baxılmasına, xüsusilə, sosial xərclərin artırılmasına imkan verə bilər? İqtisadçı Xalid Kərimli hesab edir ki, hazırkı profisitin əsas səbəbi ilin əvvəlində nəzərdə tutulan xərclərin, xüsusilə, investisiya və iqtisadi xarakterli layihələrin tam icra olunmamasıdır. Onun sözlərinə görə, neft-qaz qiymətlərinin yüksək qalması və inflyasiya da büdcə gəlirlərinin artmasına təsir göstərib. Lakin bu amillər 2026-cı ilin büdcəsinə yenidən baxılması üçün yetərli əsas yaratmır. İqdisadçı sosial xərclərin artırılmasının daha çox 2027-ci ilin dövlət büdcəsində nəzərdə tutula biləcəyini bildirir.

Millət vəkili Vüqar Bayramov da dövlət büdcəsinə yenidən baxılmasının gözlənilmədiyini deyir. O qeyd edir ki, dövlət satınalmalarının bir hissəsi ilin ikinci yarısında həyata keçirildiyi üçün büdcə xərclərinin əsas hissəsinin qarşıdakı aylarda reallaşması gözlənilir. Deputatın sözlərinə görə, hökumət tərəfindən 2026-cı ilin dövlət büdcəsinə dəyişikliklə bağlı Milli Məclisə hər hansı layihə təqdim edilməyib və bu istiqamətdə rəsmi müzakirələr aparılmır. Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri proqnozdan 3,8% çox olub. Xərclərə gəldikdə, qurum proqnoza hansı səviyyədə əməl edildiyini açıqlamayıb. Qeyd edilib ki, yeddi ayda büdcənin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər