Dünya

ABŞ-də qeyri-adi məhkəmə: Qadın ərinin xəyanət etdiyi şəxsdən pul istəyir

16 Aug 2026, 01:12 3 baxış
ABŞ-də qeyri-adi məhkəmə: Qadın ərinin xəyanət etdiyi şəxsdən pul istəyir
Ərinin xəyanətinə məruz qalmış amerikalı qadın ABŞ-nin keçmiş senatoru Kirsten Sinemadan 25 min dollar təzminat tələb edir. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb. İddianı Hizer Ammel təqdim edib. O, Sinemanın 14 il evli olduğu əri Metyu ilə münasibətdə olduğunu iddia edir. İş Şimali Karolina ştatının dairə məhkəməsində araşdırılır. Şimali Karolinada 1849-cu ildən qüvvədə olan qanuna əsasən, zərərçəkmiş həyat yoldaşı nikahının pozulmasına səbəb olan şəxsdən təzminat tələb edə bilər. İyulun sonunda keçmiş senator dindirilib və iş üzrə materiallarda Sinemanın ifadələri dərc olunub. Keçmiş qanunverici bildirib ki, münasibət 2024-cü ildə başqasının toyunda öpüşmə ilə başlayıb. Daha sonra onun sözlərinə görə, Sinema və Ammel arasında intim münasibət yaranıb və bu münasibət vaxtaşırı Sinemanın Arizona ştatındakı evində, eləcə də Kolorado ştatının Aspen şəhərində davam edib. Həmin vaxt Sinema subay olub. Ammelin isə evliliyində problemlərdən şikayət etdiyi və boşanacağına söz verdiyi bildirilir. Keçmiş senatorun vəkilləri işin aidiyyəti üzrə məhkəmədən çıxarılmasını tələb edərək Sinemanın Ammellə heç vaxt Şimali Karolina ştatında münasibətdə olmadığını bildiriblər. Növbəti məhkəmə dinləməsi avqustun 19-da keçiriləcək. İddiaçı keçmiş senatordan 25 min dollar təzminat tələb edir. Sinema 2019-2025-ci illərdə Arizona ştatından ABŞ senatoru vəzifəsini tutub. O, yeni müddətə seçilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər