Dünya
ABŞ-də uşaq dünyaya gətirib vətəndaşlıq almaq istəyənlərə qarşı sərt addım
ABŞ hakimiyyəti uşaqlarının ölkədə doğulması yolu ilə Amerika vətəndaşlığı əldə etməyə yönəlmiş "doğuş turizmi" ilə mübarizə çərçivəsində daha 150 xarici vətəndaşın vizasını ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib. Onun sözlərinə görə, vizaların ləğvi xüsusi bölmənin yaradılmasının elan edilməsindən sonra son bir neçə gün ərzində həyata keçirilib. Piqott qeyd edib ki, söhbət ölkəyə yalnız uşaq dünyaya gətirmək və onun ABŞ vətəndaşlığı əldə etməsini təmin etmək məqsədilə gələn xarici vətəndaşlardan gedir. O bildirib ki, bu cür sxemlərdə iştirak edənlərin bir çoxu qısamüddətli istirahət məqsədilə viza alır, lakin ABŞ-də daha uzun müddət qalır və tibbi xərclərin ödənilməsindən yayınmaq üçün vasitəçilərin xidmətlərindən istifadə edir. Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio "doğuş turizmi" ilə mübarizə aparmaq üçün xüsusi bölmənin yaradıldığını açıqlamışdı. Onun məlumatına görə, həmin vaxtadək 600 viza ləğv edilmişdi. Son 150 vizanın da ləğvindən sonra geri götürülən vizaların ümumi sayı 750-yə çatıb. Ekspertlər xəbərdarlıq edirlər ki, hamilə qadınların səfərin əsl məqsədini gizlətdiklərinə dair şübhələr yaranarsa, onların ABŞ-yə girişinə icazə verilməyə və hətta onlar ölkədən deportasiya edilə bilərlər. Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp uşağın vətəndaşlıq əldə etməsi məqsədilə ölkəyə daxil olmağı qadağan edən sərəncam imzalayıb. Bu qaydaları pozan şəxslərə qarşı tədbirlər sırasında ölkəyə girişdən imtina, vizanın ləğvi, ölkədən çıxarılma və ABŞ-yə müddətsiz giriş qadağası yer alır. ABŞ Dövlət Departamenti pozuntuları müəyyən etmək üçün xüsusi bölmə yaradıb. Hüquqşünaslar hamilə xarici vətəndaşların ABŞ-yə girişinə icazə verilməməsi ehtimalı barədə xəbərdarlıq ediblər.
Mənbə
oxu.az