İqtisadiyyat

Naxçıvana dair 258 milyon manatlıq sərəncamın üç müsbət tərəfi...

13 Aug 2026, 21:52 3 baxış
Naxçıvana dair 258 milyon manatlıq sərəncamın üç müsbət tərəfi...
Pərviz Heydərov yazır... Dövlət başçımız İlham Əliyevin avqustun 11-də Azərbaycanımızın dilbər güşələrindən olan Naxçıvana səfəri və bununla bağı ortaya çıxan bir sıra nəticələr hələ uzun müddət əsas müzakirə obyektlərindən biri olaraq qalacaq. Çünki ümumi ərazisi 5,5 min kvadratkilometr olan 7 rayon, 6 şəhər, 9 qəsəbə və 203 kənddən ibarət muxtar respublika tezliklə bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişaf tendensiyasında əsas təkanverici qüvvəyə çevriləcək. Söhbət, Zəngəzur dəhlizinin gerçəkləşəcəyi gündən başlanacaq dövrdən gedir.
Bəli, Naxçıvanın sosial-iqtisadi inkişafı və ümumiyyətlə, bu bölgənin ölkənin ümumi inkişaf prosesinə inteqrasiyası təkcə indi deyil, daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Hələ ərazimizin 20%-i işğal altında olan zaman da, dövlət başçımız adıçəkilən bölgəyə səfərlər edib və çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, mühüm tapşırıqlar verib. Son 6 ildə, yəni ölkəmizin ərazisi bərpa olunduqdan sonra isə Naxçıvan Muxtar Respublikasına dair yeni inkişaf yolu xəritəsi ortaya çıxıb. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan 11 prioritet istiqamətdən ibarət "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" da bu səbəbdən meydana gəlib. Odur ki, investisiya fəallığı, başqa sözlə, əsas kapitala sərmayələrin 2,5 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin real ifadədə 2,1 dəfə çoxalması nəticəsində 2023-cü illə müqayisədə 2025-ci ildə ÜDM real ifadədə 7,6%, sənaye istehsalı 4,6%, nəqliyyat və anbar təsərrüfatı 25,7%, informasiya və rabitə sahəsi isə 2,1% artıb. Lakin Naxçıvan hələ dəstək "istəyir". Belə ki, muxtar respublikanın ölkəmizin ümumi sosial-iqtisadi inkişafında hərəkətləndirici qüvvəyə çevrilməsi üçün obrazlı şəkildə desək, bölgəni sazlamaq gərəkdir. Prezident İlham Əliyevin səfərdən dərhal sonra, dəqiq qeyd etsəm, 12 avqust tarixdə imzaladığı Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamla 258 milyon manat vəsait ayrılması da məhz bununla bağlıdır. 2026-2027-ci illərdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə ayrılan 258 milyon manat vəsait ümumilikdə həm ölkənin dövlət büdcəsindən, həm də Naxçıvan Muxtar Respublikasının büdcəsindən həyata keçiriləcək. Bu, sözügedən sərəncamın birinci müsbət tərəfidir. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasının büdcəsi ölkənin dövlət büdcəsindən həm maliyyə dotasiyası (transfert), həm də mərkəzləşdirilmiş xərclərin maliyyələşdirilməsi vasitəsilə asılıdır. Məsələn, 2026-cı il üçün Naxçıvanın 483,1 milyon manatlıq büdcə gəlirlərinin 211,6 milyon manatı Azərbaycanın dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşmalıdır. 258 milyon manatlıq sərəncamın ikinci müsbət tərəfi isə vəsaitin necə və hansı istiqamətlər üzrə bölüşdürüləcəyinin dəqiq olaraq göstərilməsidir. Belə ki, 66 milyon manat yaşıl enerjinin inkişafı, 70 milyon manat yol infrastrukturu, 53 milyon manat ictimai nəqliyyatının modernləşdirilməsi, 45 milyon manat təhsil və məktəbəqədər infrastruktur, yerdə qalan 24 milyon manat isə mənzil fondu və istilik sisteminin yenilənməsi kimi məsələlərin həllinə xərclənəcək. Sözügedən vəsait bir növ investisiya paketidir. Və bu paketin məqsədi hər il mərkəzdən ayrılan cari büdcə dotasiyalarından fərqli olaraq, konkret bu il də daxil 2027-ci il üçün strateji infrastruktur, yaşıl enerji və sosial layihələri maliyyələşdirilməkdir. Hansı ki, haqqında yazdığım sərəncamın üçüncü müsbət tərəfi də məhz bundan ibarətdir. Ümumiyyətlə, 258 milyon manat enerji müstəqilliyinin yaranmasına yol açmaqla, sosial rifah şəraitini yaxşılaşdırmaqla, logistik canlanma yaratmaqla Naxçıvanın mərkəzdən iqtisadi asılılığını azaltmalı, bölgənin yuxarıda qeyd etdiyim kimi ölkəmizin ümumi sosial-iqtisadi inkişafında tezliklə hərəkətverici qüvvəyə çevrilməsində əsas dəstək faktoru rolunda çıxış etməlidir. Çünki 258 milyon manat az vəsait deyil.
Naxçıvana dair 258 milyon manatlıq sərəncamın üç müsbət tərəfi... Naxçıvana dair 258 milyon manatlıq sərəncamın üç müsbət tərəfi...
Mənbə oxu.az

Oxşar Xəbərlər