İqtisadiyyat

Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək

12 Aug 2026, 18:44 3 baxış
Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək
Naxçıvan hər zaman Azərbaycan dövlətinin xüsusi diqqətində olan bölgələrdən biri kimi xarakterizə olunub. Prezident İlham Əliyevin Naxçıvana mütəmadi səfərləri də muxtar respublikanın inkişafının dövlət siyasətində mühüm yer tutduğunu göstərir. Dövlət başçısının avqustun 11-də Naxçıvana səfəri zamanı həyata keçirilən tədbirlər və verilən mesajlar bir daha bu diqqət və qayğının konkret nəticələrə söykəndiyini nümayiş etdirdi. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı bunun bariz nümunəsidir. Bu çərçivədə enerji, yol və nəqliyyat, təhsil, mənzil-kommunal və sosial infrastrukturun inkişaf etdirilməsi nəzərdə tutulur. Yeni vəsaitin ayrılması, eyni zamanda, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərir. Bu baxımdan, yeni maliyyə paketi daha əvvəl qəbul edilmiş proqramların, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramının növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Ayrılan vəsaitin mühüm istiqamətlərindən biri alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. Belə ki, 15.6 MVt gücündə Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi üçün vəsait ayrılacaq. Bu layihə Naxçıvanın enerji müstəqilliyinin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir. Naxçıvanda Günəş və su elektrik stansiyalarının inşası istiqamətində artıq müxtəlif layihələr həyata keçirilir. Yeni vəsait isə bu sahədə işlərin sürətləndirilməsinə imkan verəcək. Bu istiqamət Azərbaycanın bərpaolunan enerji potensialından istifadənin genişləndirilməsi və Naxçıvanın "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi siyasəti ilə də uzlaşır.
Prezidentin sərəncamı ilə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Belə ki, 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmiri həyata keçiriləcək. Bu layihə 156.3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək. Yolların yenilənməsi Naxçıvanda yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə yanaşı, əhalinin rahat və təhlükəsiz hərəkət imkanlarının genişləndirilməsinə xidmət edəcək. Naxçıvanda təhsil sahəsinə yönələn layihələr də yeni maliyyə paketinin mühüm istiqamətlərindəndir. Naxçıvan Dövlət Universitetində 1 000 yerlik tələbə yataqxanasının, eləcə də 640 nəfərlik beş yeni uşaq bağçasının tikintisi nəzərdə tutulur. Bu layihələr təhsil infrastrukturunun genişləndirilməsi ilə yanaşı, tələbələrin və uşaqların sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından da əhəmiyyət daşıyır.
Sərəncamla Naxçıvanda yaşayış fondunun yenilənməsinə də mühüm vəsait yönəldiləcək. Belə ki, 161 yaşayış binasının fasad və tam təmiri, həmçinin istilik qazanxanalarının əsaslı təmiri həyata keçiriləcək. Ümumilikdə, 258 milyon manatlıq yeni vəsait Naxçıvanın yalnız bir sahəsinin deyil, enerji, nəqliyyat, yol, təhsil, mənzil və sosial infrastrukturunun kompleks şəkildə inkişafına yönəldilir. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı sərəncam Naxçıvanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının növbəti nümunəsidir. Ayrılan vəsait muxtar respublikanın infrastruktur bazasının möhkəmləndirilməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluq imkanlarının genişləndirilməsinə və regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə şərait yaradacaq. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu addım Naxçıvanla bağlı həyata keçirilən tədbirlərin ayrı-ayrı layihələrlə məhdudlaşmadığını, ardıcıl və sistemli dövlət siyasətinin davamı olduğunu göstərir. 2023-27-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yeni maliyyə vəsaitinin əlavə olunması Naxçıvanın inkişafı üçün müəyyənləşdirilmiş hədəflərin davamlı xarakter daşıdığını nümayiş etdirir.
Bütün bunlar Naxçıvanın blokadan yeni nəqliyyat, infrastruktur, enerji mərkəzinə çevrilməsinin tərkib hissəsidir. Uzun illər mürəkkəb geosiyasi şəraitdə, blokada vəziyyətində yaşayan Naxçıvan artıq yalnız məhdud imkanlara malik region kimi deyil, yeni iqtisadi və nəqliyyat imkanlarının qovşağı kimi nəzərdən keçirilir. Azərbaycanın həyata keçirdiyi ardıcıl layihələr muxtar respublikanın nəqliyyat, enerji və iqtisadi potensialının genişləndirilməsinə xidmət edir. Xüsusilə yol və nəqliyyat infrastrukturuna yönələn investisiyalar Naxçıvanın ölkənin digər bölgələri və region dövlətləri ilə əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın strateji və regional əhəmiyyətini daha da artıracaq. Bu nəqliyyat bağlantısının reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha sıx əlaqələnməsinə, eyni zamanda, regiondakı mühüm nəqliyyat marşrutlarından birinə çevrilməsinə imkan yaradacaq.
Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək Prezidentin Naxçıvan səfərinin yekunları: İnfrastruktur, təhsil və yaşıl enerjiyə böyük dəstək
Mənbə oxu.az

Oxşar Xəbərlər