Naxçıvanda 5 hektar ərazidə 16 bina inşa ediləcək
Naxçıvan şəhərində 5 hektar ərazidə 16 yaşayış binasının inşası planlaşdırılır.
Bu barədə Axar.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.
Bildirilib ki. Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının, o cümlədən güzəştli mənzillərin tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Layihəyə əsasən, yaşayış kompleksində 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzilin yaradılması nəzərdə tutulur.
Yaşayış kompleksində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastruktur yaradılacaq. Ərazidə uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi planlaşdırılır.
Kompleksin elektrik enerjisi, qaz, içməli su və çirkab suların axıdılması sistemləri ilə təmin edilməsi nəzərdə tutulur. Həmçinin ərazidə avtomobil yolları və səkilər salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.