“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb. Bu sazişlə alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək. Eyni zaman kəsiyində İsrail-Yunanıstan-Kipr Respublikası-Hindistan ittifaqı formalaşdırılır. Ona görə də Ankara Səudiyyə Ərəbistanı və Pakistanla birgə üçlü ittifaqın formalaşdırılmasını ləngidə bilməzdi.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında müttəfiqlik sazişi ötən ilin sentyabrında imzalanıb:
“Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif arasında imzalanan sənəd “Birgə Strateji Müdafiə Sazişi” adlanır. Həmin sazişdə də “tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək” bəndi var. Buna baxmayaraq, İran Səudiyyə Ərəbistanına zərbələr endirdikdə Ər-Riyad İslamabaddan dəstək istəmədi. Əksinə, Pakistan müharibəni dayandırmaq üçün ABŞ-la İran arasında vasitəçilik funksiyasını həyata keçirdi. Hər halda Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı İrandakı rejimə də ciddi mesajdır ki, bu ölkələrdən birini hədəf seçərsə, o biri ikisi baş verənlərə seyrçi qalmayacaq”.