Cəmiyyət
Filmdən sonra: "The Grand Budapest Hotel"
Turanə Hüseynli yazır... Çəhrayı divarların arxasında dağılan dünya: "The Grand Budapest Hotel" Bəzi filmlər bizi heç vaxt olmadığımız yerlərin həsrətini yaradır. Heç vaxt qalmadığımız bir hotel, gəzmədiyimiz bir şəhər, yaşamadığımız bir dövr qəfil şəxsi xatirəmizə çevrilə bilir. Filmdən sonra anlayırıq ki, darıxdığımız həmin məkan da, şəhər də deyil: Orada mövcud olduğuna inanmaq istədiyimiz həyat tərzidir. "The Grand Budapest Hotel" də ilk baxışda bizi belə bir dünyaya aparır: çəhrayı fasadlar, bənövşəyi uniforma, ətir qoxusu, qırmızı liftlər, zərif tort qutuları və hərəkətləri, sanki əvvəlcədən ölçülüb-biçilmiş insanlar... Hər şey gözəl, nizamlı və bir qədər də qeyri-realdır. Amma əsl hekayə məhz bu nizamın dağılması haqqındadır. Ues Anderson iki dünya müharibəsi arasındakı dövrdə Avropanın köhnə dünya dəbdəbəsi fonunda cərəyan edən bu zərif macəra-komediyasında özünəməxsus quru yumorunu və vizual yaradıcılığını nümayiş etdirib. Bu, Avropanın iqtisadi böhranın təsirlərini hələ də yaşadığı, millətçi və ifrat sağçı siyasi qüvvələrin yenidən güclənməyə başladığı bir dövr idi. Qloballaşmanın sərhədləri zəiflətdiyi düşünülsə də, cəmiyyətlərdə kimlik, miqrasiya, mənsubiyyət və "bizdən olanlarla olmayanlar" arasındakı fərq yenidən siyasi müzakirələrin mərkəzinə çevrilirdi. Film birbaşa həmin dövrün siyasətindən danışmasa da, keçmişdə yaşananları göstərərək müasir Avropaya sakit bir sual ünvanlayır: Tarixin ən qaranlıq dövrlərinin bir daha təkrarlanmayacağına nə qədər əminik? Filmdə əsas hadisələr 1932-ci ildə, uydurma Zubrovka Respublikasında baş verir. "Zubrovka" xəritədə yoxdur. Lakin onun dağları, sərhəd postları, hotelləri və hərbi formaları bizə Mərkəzi və Şərqi Avropanı xatırladır. Birinci Dünya müharibəsindən sonra köhnə imperiyalar dağılmış, sərhədlər yenidən çəkilmiş, aristokratiya əvvəlki gücünü itirmişdi. İqtisadi böhranlar, işsizlik və siyasi qeyri-sabitlik cəmiyyətləri radikal ideologiyalara yaxınlaşdırırdı. İnsanların qorxusu böyüdükcə onları qorxularına cavab verəcəyini vəd edən sərt liderlərin təsiri də artırdı. "The Grand Budapest Hotel" bütün baş verən prosesləri siyasi çıxışlarla deyil, kiçik dəyişikliklərlə göstərir. Bütün hekayənin mərkəzində də "Grand Budapest Hotel" dayanır. Hotel sadəcə hadisələrin baş verdiyi bina deyil. O, məhv olmaqda olan bir Avropa düşüncəsinin kiçik modelidir. Burada xidmət bir işdən daha çox mərasimdir: İnsanların necə danışdığı, necə geyindiyi, qonağı necə qarşıladığı onların mədəniyyət haqqında təsəvvürünü müəyyənləşdirir. Bu dünyanın əsas qoruyucusu isə "Monsieur Gustave"dır. Dəbdəbəli "Grand Budapest" hotelində konsyerj "müsyö Qustav" (Ralf Fayns) və onun gənc şagirdi "Zero Mustafa" (Toni Revolori) arasında sarsılmaz dostluq yaranması, onların qiymətsiz İntibah dövrü tablosunun oğurlanması və nəhəng ailə sərvəti uğrunda gedən mübarizə ilə bağlı bir planın içinə düşmələri ilə birlikdə biz də o dünyanın içinə səyahət edirik. Bu hadisələr qaynayan zaman onların ətrafında baş verən siyasi çaxnaşmalar bütün qitəni ağuşuna alır. Hər detalı son dərəcə incəliklə işlənmiş "The Grand Budapest Hotel" nəfəskəsən pikaresk macəra olmaqla yanaşı, dostluğa və yox olmuş bir dünyanın əzəmətinə həsr edilmiş təsirli bir mədhiyyədir. Film Murrey Abraham, Edrian Broudi, Sirşa Ronan, Uillem Defo, Cud Lou, Harvi Keytel, Ceff Qoldblyum, Matyö Amalrik, Tilda Suinton və Bill Murrey kimi ulduzlardan ibarət aktyor heyəti tərəfindən böyük ustalıq və zövqlə canlandırılıb. Filmin qəhrəmanı "Qustav" qəribə insandır. Özünə həddindən artıq güvənir, çox danışır, hər fürsətdə şeir söyləyir, yaşlı və varlı qadınlarla yaxın münasibətlər qurur, daim "L'Air de Panache" adlı ətirdən istifadə edir. Bəzən onu ciddi qəbul etmək çətin olsa da, onun davranışlarında ilk baxışda görünməyən bir prinsip var: "Qustav" insanlara laqeyd deyil. "Zero Mustafa" isə hotelə gələndə müharibədən qaçmış, ailəsini və evini itirmiş gənc mühacirdir. Sənədləri tam qaydasında deyil. Danışığı, görünüşü və mənşəyi onu həmin cəmiyyətin gözündə yad insana çevirir. "Qustav" isə onu yalnız "lobbi boy" kimi qəbul etmir: Ona peşə öyrədir, yanında saxlayır, müdafiə edir və zamanla ailəsinin bir hissəsinə çevirir. Filmin ən güclü mesajlarından biri də mənə görə budur: Sivilizasiya yalnız gözəl binalar, klassik musiqi, bahalı rəsmlər və nəzakətli cümlələr demək deyil; Sivilizasiya təhlükə olanda belə özündən zəif olan insanın yanında dayana bilməkdir. "Qustav"ın nəzakəti bəzək deyil, onun müqavimət formasıdır: Ətrafındakı dünya dəyişdikcə o öz davranışını dəyişmir. Amma film bizi romantik illüziyada saxlamır. Bəzən insan bütün düzgün seçimləri etsə də, yenə məğlub ola biləcəyini də göstərir. Ues Anderson məhz bu mesajı çox rəngli və yumorlu bir film vasitəsilə ötürür. Filmin faciəsini qaranlıq rənglərə bürümür. Əksinə, əvvəlcə elə gözəl bir dünya qurur ki, həmin dünyanın itirilməsi daha çox ağrı verir. Filmin bu qədər təsirli olmasının səbəblərindən biri Ues Andersonun avstriyalı yazıçı Stefan Sveyqin əsərlərindən və həyatından ilham almasıdır. Sveyq Birinci Dünya müharibəsindən əvvəlki Avropanı mədəniyyət və incəsənətlə bir-birinə bağlanan kosmopolit bir dünya kimi xatırlayırdı. Sonra həmin dünyanın millətçilik, faşizm və müharibə nəticəsində necə dağıldığını gördü və yəhudiəsilli yazıçı kimi Avropanı tərk etməyə məcbur oldu. Bu da sürgündə yaşadığı dövr boyunca itirilmiş dünyaya duyduğu həsrəti yazmağına səbəb oldu. "The Grand Budapest Hotel" Sveyqin hər hansı əsərinin birbaşa ekranlaşdırılması deyil. Daha çox onun xatırladığı Avropanın, yaşadığı itki hissinin və tarix qarşısında duyduğu ümidsizliyin kinematoqrafik əks-sədasıdır. Filmdəki "Zubrovka" buna görə konkret ölkə deyil, bir neçə ölkənin xatirəsindən yaradılmış məkandır. Eynilə insan yaddaşı kimi. Yaddaş da keçmişi tam olduğu kimi həkk etmir: Fərqli hadisələrdən olan parçaları birləşdirir, rəngləri dəyişir, bəzi detalları böyüdür, bəzilərini isə tamamilə silir.. Bu filmdəki hadisələrin danışılma dili də mənə yaddaşın oyun oynayırmış kimi təzahürünü xatırlatdı. Çünki biz "Qustav"ın hekayəsini birbaşa izləmirik: Bir qız yazıçının kitabını oxuyur, yazıçı gəncliyində yaşlı "Zero" ilə etdiyi söhbəti xatırlayır, "Zero" isə bizə "Qustav"dan və "Aqata"dan danışır. Hər hekayə başqa bir insanın yaddaşından keçir. Filmdə "Madam D."nin ölümündən sonra böyük miras mübarizəsinin mərkəzinə çevrilmiş ən məşhur obyektlərdən biri olan "Boy with Apple" tablosu real sənət əsəri deyil, xüsusi olaraq film üçün çəkilən rəsm əsəridir. Amma onun süjetdəki mənası çox realdır: hamı rəsmin pul dəyəri uğrunda mübarizə aparır, lakin heç kim onun gözəlliyinin fərqində deyil. Beləliklə, film köhnə Avropanın yalnız siyasi qüvvələr tərəfindən deyil, onun daxilində yaşayan acgöz və mənəvi cəhətdən boş insanlar tərəfindən də məhv edildiyini göstərir. Amma Ues Anderson bütün ümidsizliyə baxmayaraq bizə kiçik bir çıxış yolu da göstərir: "Qustav" dünyanı xilas edə bilmir. O, müharibəni dayandırmır. Faşizmin qarşısını ala bilmir. Hətta özünü belə qoruya bilmir. Amma "Zero"nu müdafiə edir. Ona peşə öyrədir. Onu ailəsi kimi qəbul edir. Bəzən insan bütün dünyanı dəyişə bilmir. Amma həyatına toxunduğu bir insanın dünyasını dəyişə bilir. Beləcə, bir vaxtlar yaşamış insanlar başqa bir insanın yaddaşında var olmağa davam edir. Bəlkə də hekayələr məhz bunun üçün danışılır...
Mənbə
oxu.az