Siyasət

Balanslaşdırılmış xarici siyasətin praktik təzahürü: Rəsmi Bakının Moskva və Kiyevlə əməkdaşlığının geosiyasi mesajı

06 Aug 2026, 21:36 2 baxış
Balanslaşdırılmış xarici siyasətin praktik təzahürü: Rəsmi Bakının Moskva və Kiyevlə əməkdaşlığının geosiyasi mesajı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun əvvəlcə Rusiyaya, ardınca isə Ukraynaya rəsmi səfər etməsi Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitində Bakının uzun illərdir formalaşdırdığı balanslaşdırılmış xarici siyasət kursunun növbəti praktik nümayişi kimi qiymətləndirilə bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir dövrdə Azərbaycanın hər iki dövlətlə yüksəksəviyyəli siyasi dialoqu davam etdirməsi təkcə diplomatik aktivlik deyil, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin göstəricisidir. Əvvəlcə Moskva görüşünün gündəliyi göstərir ki, Azərbaycan-Rusiya münasibətləri yalnız siyasi dialoqdan ibarət deyil. Tərəflər iqtisadi əməkdaşlıq, nəqliyyat, logistika, humanitar əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik kimi geniş spektrdə məsələləri müzakirə ediblər. Xüsusilə ticarət dövriyyəsinin müsbət dinamikasının vurğulanması fonunda Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti və Azərbaycan-Rusiya İşgüzar Şurasının rolu ön plana çıxarılıb. Bu, iki ölkənin mövcud geosiyasi gərginliklərə baxmayaraq iqtisadi əməkdaşlığı siyasi proseslərdən mümkün qədər kənarda saxlamağa çalışdığını göstərir. Digər mühüm istiqamət isə "Şimal-Cənub" bynəlxalq nəqliyyat dəhlizi olub. Azərbaycan bu layihədə yalnız tranzit ölkəsi deyil, həm də Avropa, Rusiya, İran və Hindistan arasında logistik əlaqələrin əsas qovşaqlarından biri kimi çıxış edir. Moskva danışıqlarında multimodal daşımaların genişləndirilməsi və logistika marşrutlarının səmərəliliyinin artırılması barədə aparılan müzakirələr Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrilməsi strategiyası ilə tam uzlaşır. Bununla yanaşı, Xəzər dənizində su səviyyəsinin azalması və ekoloji problemlərin ayrıca müzakirə olunması diqqət çəkir. Bu məsələ son illərdə Xəzəryanı ölkələrin iqtisadi və nəqliyyat imkanlarına birbaşa təsir edən amillərdən birinə çevrilib. Deməli, ekoloji təhlükəsizlik həm də artıq regional siyasətin ayrılmaz hissəsi kimi qəbul edilir. Moskva görüşündə Ceyhun Bayramovun Cənubi Qafqazda yaranmış yeni reallıqları beynəlxalq hüququn prinsipləri fonunda təqdim etməsi Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı diplomatik xəttin davamıdır. Bakının mesajı bir daha regionda formalaşan vəziyyətin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalı olduğu kontekstində diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinə sadiqliyi və Ermənistanla normallaşma prosesinin regionun uzunmüddətli sabitliyinə xidmət etdiyi bir daha qeyd edilib. Bu yanaşma regional müzakirələrdə Azərbaycanın öz mövqeyini ardıcıl şəkildə ifadə etdiyini göstərir. Rusiyaya səfərdən sonra Ukraynaya edilən rəsmi səfər də diplomatik baxımdan xüsusi diqqət çəkir. Bu ardıcıllıq Azərbaycanın hər iki dövlətlə münasibətləri paralel şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir. Kiyevdə aparılan danışıqların gündəliyi də kifayət qədər geniş olub. Burada siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, humanitar münasibətlər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularına çevrilib. Əhəmiyyətli məqamlardan biri Azərbaycanın Ukraynaya münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha təsdiqləməsidir. Rəsmi Bakı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyini növbəti dəfə ifadə edib, eyni zamanda hərbi əməliyyatların dayandırılması və münaqişənin diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirib. Bu mövqe Azərbaycanın digər beynəlxalq münaqişələrə münasibətdə də müdafiə etdiyi xətlə üst-üstə düşür. Yəni Bakı beynəlxalq hüququn fundamental prinsiplərindən çıxış etdiyini bir daha nümayiş etdirib. Kiyevdə aparılan danışıqlarda humanitar əməkdaşlıq da xüsusi yer tutub. Azərbaycanın müharibənin başlanmasından sonra Ukraynaya 50 milyon ABŞ dollarını aşan humanitar yardım göstərməsi, İrpen şəhərində bərpa layihələrinin həyata keçirilməsi, ukraynalı uşaqlar üçün reabilitasiya proqramları və minatəmizləmə sahəsində dəstəyin davam etdirilməsi Azərbaycanın humanitar diplomatiyasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə yalnız siyasi və iqtisadi deyil, humanitar mövqe nümayiş etdirən rolunu da ön plana çıxarır. Bütün bunların fonunda Moskva və Kiyev səfərlərində paralellik apardıqda, Azərbaycanın diplomatik xəttində bir neçə əsas istiqamət aydın görünür. Birincisi, Bakı heç bir tərəflə münasibətlərini digər dövlət hesabına qurmur. Rusiya ilə iqtisadi, logistika və regional təhlükəsizlik sahəsində əməkdaşlıq davam etdirildiyi kimi, Ukrayna ilə də siyasi dialoq, humanitar əlaqələr və strateji tərəfdaşlıq inkişaf etdirilir. İkincisi, Azərbaycan beynəlxalq hüququ bütün münaqişələrə münasibətdə əsas meyar kimi təqdim edir. Bu yanaşma həm Cənubi Qafqaz, həm də Rusiya-Ukrayna müharibəsi kontekstində rəsmi Bakının mövqeyində ardıcıl şəkildə özünü göstərir. Üçüncüsü, iqtisadi diplomatiya xarici siyasətin aparıcı elementlərindən biri olaraq qalır. Həm Moskva, həm də Kiyev görüşlərində ticarət, nəqliyyat, enerji və logistika layihələrinin xüsusi yer tutması göstərir ki, Azərbaycan geosiyasi gərginliklər fonunda iqtisadi əməkdaşlığı genişləndirməyə üstünlük verir. Bütün bunlar isə göstərir ki, Azərbaycan coğrafi mövqeyi, enerji resursları və tranzit imkanları sayəsində müxtəlif siyasi mərkəzlərlə əməkdaşlığı paralel şəkildə davam etdirən ölkələrdən biridir. Yəni, rəsmi Bakının Moskva və Kiyevlə paralel əməkdaşlığı yalnız ikitərəfli münasibətlər deyil, Azərbaycanın daha geniş xarici siyasət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bakı həm regional təhlükəsizlik, həm beynəlxalq nəqliyyat marşrutları, həm də iqtisadi əməkdaşlıq istiqamətlərində bütün tərəflərlə dialoqu qorumağa çalışır. Beləliklə, Ceyhun Bayramovun ardıcıl olaraq Rusiya və Ukraynaya etdiyi rəsmi səfərlər Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti təzahürü kimi dəyərləndirilə bilər. Hər iki paytaxtda aparılan danışıqlar göstərir ki, Bakı siyasi dialoqun saxlanılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat layihələrinin inkişafı və beynəlxalq hüquqa əsaslanan mövqeyini paralel şəkildə davam etdirir. Mövcud geosiyasi şəraitdə belə bir diplomatik xətt Azərbaycanın həm regional aktor, həm də müxtəlif siyasi mərkəzlər arasında etibarlı tərəfdaş kimi mövqeyini qorumasına xidmət edir. Eyni zamanda, bu yanaşma ölkəmizin milli maraqlarının təmin edilməsində çoxtərəfli əməkdaşlığa, balanslaşdırılmış münasibətlərə və praqmatik diplomatiyaya üstünlük verdiyini nümayiş etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər