Siyasət

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Aug 2026, 21:55 4 baxış
PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Şimali İraq Kürd Muxtariyyətinə bağlı “Rudav”ın məlumatına görə, PKK Türkiyə sərhədlərindəki 81 strateji mövqeni tərk edərək, İran sərhədinə doğru geri çəkilib. “Həmçinin Hakkarinin Yüksəkova rayonunun qarşısındakı Metina vadisində yerləşən və 1750 metr yüksəklikdəki strateji Təpə Xveda (Tanrının təpəsi) bölgəsi də boşaldılmış ərazilər arasındadır. Türkiyə Silahlı Qüvvələrinin quru və hava əməliyyatlarının təzyiqi altında bu nöqtələrin boşaldılması, hüquqi çərçivə prosesi zamanı potensial münaqişələrin qarşısının alınması istiqamətində bir addım hesab olunur”, - məlumatda bildirlir.


Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.


Məlumatda vurğulanıb ki, tərk edilən PKK mövqeləri bunlardır:


Sursat anbarları və mağaralar: Avaşin bölgəsində iki sursat anbarı və mağara sığınacağı, Zap vadisindəki Roz, Tirvaniş, Rekan və Nervə kəndlərində isə 8 mağara tamamilə boşaldılıb.


Logistika və təhlükəsizlik mərkəzləri: Aris-Faris bölgəsindəki təchizat anbarları və Çemçe bölgəsindəki təhlükəsizlik bölmələri tərəfindən istifadə edilən mağaralar.


Radio və rabitə xətləri: Türkiyəyə təlimat ötürmək üçün istifadə edilən rabitə və radio mərkəzləri bağlanıb və düşərgələrarası rabitə şəbəkələri sıradan çıxarılıb.


Ağır silah anbarları: Kani Cənnət bölgəsindəki yeraltı ağır silah anbarları və əldəqayırma partlayıcı qurğu (PİQ) istehsal edən müəssisələr də boşaldılıb və bağlanıb.


Haftanin xətti: Şırnakın Silopi bölgəsinin qarşısındakı Haftanin vadisində yerləşən Telebora və Haki mağara kompleksləri də tərk edilib.


“Qeyd edək ki, Trampın bütün cəhdlərinə baxmayaraq, İran və İraqdakı kürd separatçıları İrana qarşı mübarizədən yayınmağa çalışırdı. Tramp isə onları ABŞ-dan xeyli sayda silah alıb hərəkətə keçməməkdə günahlandırır, bunun ağır bədəlləri olacağı ilə separatçıları təhdid edirdi. Son məlumatlara görə, ABŞ son günlər ərzində Şimali İraqdakı bütün hərbi bazalarını, o cümlədən “Patriot” kimi hava hücumundan müdafiə sistemlərini çıxararaq separatçıları SEPAH-ın qarşısında yalnız buraxmışdı. Bununla da sanki kürd separatçıları məcburi özünümüdafiə zərurətləri ilə üz-üzə qoymuşdu. Görünür, PKK liderləri də döyüşməkdən başqa çarələri qalmadığını düşünüb özünümüdafiə güclərini İran sərhədinə toplamağa qərar vermişdir.


Bundan əlavə, PKK lideri Abdulla Öcalan da sərbəst buraxılması üçün Türkiyə ilə danışıqlara başlamış və Ankaranın tərk-silah tələbini qəbul etmişdir. Belə anlaşılır ki, PKK silahları əlində saxlamaq və ABŞ-ın tələblərini yerinə yetirmək üçün mübarizəsini İran sərhədlərinə daşımaq məcburiyyətində qalmışdır”, - politoloq vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər