Siyasət

Paşinyanın bu qərarı Putini qorxutdu

01 Aug 2026, 07:00 3 baxış
Paşinyanın bu qərarı Putini qorxutdu

Ermənistanla Rusiya arasında gərginlik sürətlə artır, xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra. 27 iyulda baş tutan bu telefon danışığından sonra Ermənistan Rusiyadan tomat idxalına qadağa qoydu, Paşinyan Aİİ-nin dağılmağın başlanğıcında olduğunu elan etdi, Rusiyaya icarəyə verilən dəmir yollarına görə illik fantastik qiymət (2 milyard dollar) tələb edəcəyini bildirdi və s. Bunların əsas səbəbi Ermənistanın bu ölkədən iqtisadi asılılığından və Paşinyan hökumətinin Avropa bazarına yönəlmək istəyindən irəli gəlir.


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Heydər Oğuz deyib.


“İki ölkə arasında ticarət dövriyyəsi Ermənistanın xarici ticarətinin 30%-dən çoxunu təşkil edir. Ermənistan bütün təbii qazının 100%-ni Rusiyadan alır. Neft məhsulları idxalının böyük hissəsi də Rusiyanın payına düşür. Ölkənin əsas elektrik enerjisi istehsal edən müəssisələri Razdan İES və Metsamor AES Rusiyanın nəzarətindədir. Bundan əlavə, Ermənistan dəmir yolları da Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu idarəsinin bir parçasıdır. Bu da nəticə etibarilə Rusiyanı Ermənistan üzərində dominant gücə çevirir. İrəvan isə iqtisadi asılılıqdan qurtulmaq istəyir.


Bu səbəbdən də Paşinyan Qərb dövlətləri ilə iqtisadi əlaqələrini gücləndirmək, xarici ticarəti şaxələndirməyə çalışır. Əks halda, Rusiyanın bir əyalətinə çevrilə biləcəyindən çəkinir. Kreml isə Paşinyanın bu təşəbbüsünə qarşı çıxır. Çünki Cənubi Qafqazda Rusiyanın təsir dairəsində fəaliyyət göstərən yeganə ölkə Ermənistandır. Onu da itirsə, Rusiya Cənubi Qafqazdan çıxmağa məcbur olacaq və özünün ən böyük imperial hədəflərindən birini də itirəcək”, - o bildirib.


Heydər Oğuzun fikrincə, Cənubi Qafqaz regionunun Rusiya üçün çox böyük önəmi var:


“Ermənistan Rusiyanın “strateji müttəfiqi” sayılan İranla quru sərhədləri olan ölkədir. İran vasitəsilə o, Hind və Sakit okeanlara çıxa bilir. “İsti dənizlərə” enmək I Pyotrun əsas vəsiyyətlərindən biri idi. Pyotr dünya gücünə çevrilmək üçün “isti dənizlərə” enməyi Rusiyanın 1 nömrəli vəzifəsi hesab edirdi. Ukrayna savaşı başlayandan sonra Rusiya faktiki olaraq Qara dənizdəki mövqelərini itirdi. Türkiyənin Ukrayna müharibəsi səbəbindən Montre Konvensiyasını əsas gətirib İstanbul və Çanaqqala boğazlarını hərbi gəmilərə bağlamasından sonra Rusiyanın Aralıq dənizinə çıxış imkanı da məhdudlaşdı.


İran üzərindən Hind okeanına çıxmaq üçün isə iki yol var. Bunlardan biri Xəzər dənizi vasitəsilə Bəndər Ənzəli, Əmirabad və Nouşəhr limanlarına çıxmaq, ordan quru yolu ilə ya Çabahar, ya da Bəndər Abbas limanlarına getməkdir. Xəzər dənizindəki İran limanlarını İsrail və Ukrayna silahlı qüvvələri atəş altında tutur, Bəndər Abbas və Çabahar limanları isə ABŞ hücumlarına məruz qalır. Rusiya bu tranzit əlaqələrini bərpa etməyə çalışır. Bunun üçün isə İranla ilk növbədə quru əlaqələrini qurmalıdır.


Nəzərə alaq ki, quru yolu üçün vacib olan dəmir yolları birbaşa Rusiyanın nəzarəti altındadır. Buna görə də Paşinyanın Ermənistan Dəmir Yollarını müstəqilləşdirmək arzuları Putini qorxutmaya bilməz. Qərblə inteqrasiyaya meyillənən Paşinyan bu arzularını reallaşdıra bilsə, müstəqillik qazanan Ermənistan Dəmir Yolları Qərbin nəzarəti altına düşəcək. Dolayısıyla, Rusiya İrana hərbi strateji əhəmiyyətli mallar göndərmək imkanını tamamilə itirəcək və öz yağında qovrulan ölkə durumuna düşəcək.


Bu isə yaxın gələcəkdə Rusiyanın imperial siyasətindən tamamilə vaz keçməsi anlamına gələcək”.


Şərhçi Ermənistan kimi Rusiyadan tamamilə asılı bir dövlətin müstəqilləşmə səylərinin digər Avrasiya İttifaqı ölkələrinə də bir örnək təşkil edə biləcəyini hesab edir:


“Nəticədə Mərkəzi Asiya ölkələri də rus hegemoniyasına daha cəsarətlə qarşı çıxar. Rusiyanın bu zamana qədər qorumağa çalışdığı imperial ənənələri də zəifləyər, beləcə, bu ölkə 17-ci əsrdən əvvəlki əli-qolu bağlı Rusiyaya çevrilər. Artıq bu tendensiyanın açıq əlamətləri sezilir.


İyulun 25-də Qazaxıstan Prezidenti Qasım-Jomant Tokayevin Putinə “Ukraynadan çəkil” məsləhətini verməsi və Rusiya liderinin bu tələb qarşısında başını aşağı salıb susması Kremlin müstəmləkə kimi baxdığı coğrafiyalarda nə qədər miskin vəziyyətə düşdüyünü göstərirdi. Odur ki, bu miskin durumdan çıxmaq üçün Putin ən zəif halqa kimi baxdığı Ermənistanı cilovlamaq niyyətindədir. Amma bunu bacarmaq da asan deyil.


Məsələ burasındadır ki, Amerikanın vitse-prezidenti Ceyms Di Vensin bir neçə ay öncə İrəvana səfəri zamanı imzalanan bir çox müqavilələr Ermənistanı Rusiya təsirindən çıxarmağa hesablanmışdı. Müqavilələrdə nüvə enerjisi əməkdaşlığı, hərbi texnologiyaların satışı və enerji şaxələndirilməsi kimi mühüm məsələlər nəzərdə tutulurdu. Bu sahələrin hər biri isə Ermənistanı Rusiyadan asılı vəziyyətə salan sektorlar idi. Görünən budur ki, ABŞ Ermənistanı tamamilə Rusiyanın əlindən qoparıb özünə bağlamaq niyyətindədir.


Yeri gəlmişkən, biz də bir qonşu dövlət olaraq Ermənistanın Rusiyanın asılılığından qurtarması üçün əlimizdən gələni edirik. Ona benzin və digər neft məhsulları satmaqla enerji sarıdan Rusiya asılılığından çıxmağına dəstək göstəririk. Ermənistan rus asılılığından xilas olduqca Moskvanın üzünə daha çox ağ olur, onun göstərişlərini geri çevirməyi bacarır.


İnanıram ki, Rusiyanın Ermənistana basqıları söz və iqtisadi təzyiqlərlə məhdudlaşacaq, nəticədə nankor qonşumuz da Rusiyanın arxa bağçası olmaqdan yaxa qurtaracaq və regionda sülh daimi olacaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər