Dünya
KİV: "Intel" data mərkəzləri bölməsində iş yerlərinin ixtisarını planlaşdırır
Qlobal miqyasda kompüter hissələrinin əsas istehsalçılarından sayılan ABŞ-nin "Intel" korporasiyası ştat cədvəlinin azaldılması üzrə növbəti mərhələyə hazırlaşır. Oxu.Az xəbər verir ki, bu məlumatı korporasiya rəsmisinə istinadən CNBC telekanalı yayıb. Məlumata görə "Intel" artıq əməliyyatların optimallaşdırılması üzrə genişmiqyaslı plan çərçivəsində, əsasən Kaliforniya və Oreqonda olmaqla, ABŞ-də təxminən 5 min əməkdaşını ixtisar edib. Yayılan məlumatlara əsasən, növbəti ixtisar dalğası birbaşa data mərkəzləri seqmentinə təsir edəcək. Şirkət rəsmisinin sözlərinə görə, müəssisənin daha effektiv və hədəfyönlü olması strategiyası çərçivəsində məlumat emalı mərkəzləri departamenti öz təşkilati quruluşunu mövcud biznes hədəfləri ilə uyğunlaşdıracaq. Qeyd edək ki, əvvəllər şirkət süni intellekt və qabaqcıl çip istehsalı sahəsində rəqabət qabiliyyətini bərpa etmək üçün əməliyyatları optimallaşdırmağa çalışdığını bildirmişdi. "Intel" özünün 2026-cı ilin ikinci rübünə dair maliyyə hesabatını iyul ayının 23-də, Amerika birjaları bağlandıqdan sonra ictimaiyyətə təqdim edəcək. Məlumat üçün bildirək ki, 2026-cı ilin başlanğıcından etibarən "Intel"in bazar kapitallaşması 2.6 dəfə yüksəlib.
Mənbə
oxu.az