Dünya
Rusiyada əmək miqrantlarına qarşı tələblər sərtləşdirildi: Yeni deportasiya qaydaları
Rusiya Dövlət Duması məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsini qadağan edən yeni qanun layihəsini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb. Yeni sənədə görə, üzərində götürülməmiş və ya tam ödənilməmiş məhkumluğu olan əcnəbilərə vətəndaşlığa qəbuldan, həmçinin müvəqqəti yaşayış icazəsi və ya yaşayış icazəsinin verilməsindən imtina ediləcək. İyulun 8-də Dövlət Duması əmək miqrantları üçün əlavə tələblər tətbiq edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Sənəd əcnəbiləri özlərini və ailələrini yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin etməyə məcbur edir. Bu şərtə əməl olunmadığı təqdirdə, miqrantların iş icazəsi və ya patenti yenilənməyəcək, nəticədə onlar övladları ilə birlikdə 15 gün müddətində ölkə ərazisini tərk etmək məcburiyyətində qalacaqlar. Bununla yanaşı, deputatlar plenar iclasda əcnəbilərin hər hansı ayrı-seçkiliyə yol verməsinə, insan hüquq və azadlıqlarını pozmasına, eləcə də sərhəd-keçid məntəqələrində hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamasına görə ölkədən çıxarılmasını nəzərdə tutan əlavələri də qəbul ediblər. Bu düzəlişlər miqrantların deportasiyası üçün hüquqi əsasların genişləndirilməsini əhatə edən layihənin ikinci oxunuşunda təsdiqini tapıb. Nəticə etibarilə, vətəndaşların hüquq, azadlıq və qanuni mənafelərinin onların cinsi, irqi, dəri rəngi, milliyyəti, dili, mənşəyi, əmlakı, ailə vəziyyəti, sosial statusu, yaşı, yaşayış yeri, dini inancı, əqidəsi və ya hər hansı ictimai və sosial qrupa mənsubiyyəti səbəbindən məhdudlaşdırılması, yəni ayrı-seçkiliyə məruz qoyulması birbaşa deportasiya təhlükəsi yaradacaq. Dövlət sərhədini keçən zaman hərbi qulluqçuların göstərişlərinə tabe olmamağa görə də analoji cəza tədbiri tətbiq ediləcək.
Mənbə
oxu.az