Dünya
Rusiyanın Ukraynaya növbəti hücumu: Dörd nəfər ölüb, 16 nəfər yaralanıb
Rusiya silahlı qüvvələri Ukraynanın Çerniqov, Dnepropetrovsk və Xarkov vilayətlərini hədəfə alıb. Hücumlar nəticəsində dörd mülki şəxs həyatını itirib, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyaları tərəfindən məlumat verilib. Məlumata görə, ötən sutka ərzində Rusiya qoşunları reaktiv yaylım atəş sistemləri, raketlər, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirib. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov və vilayətin daha 18 yaşayış məntəqəsi hücuma məruz qalıb. Zərbələr nəticəsində iki nəfər ölüb, daha 15 nəfər yaralanıb. Çerniqov şəhər şurasının verdiyi məlumata görə, Rusiyanın zərbə dronu şəhərin mərkəzi hissəsində inzibati binaya hücum edib. Nəticədə binanın konstruktiv elementləri qismən dağılıb, yanğın baş verib və bir nəfər xəsarət alıb. Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya qoşunları vilayətin iki rayonuna pilotsuz təyyarələrlə on dəfədən çox hücum edib. Zərbələr nəticəsində iki nəfərin həlak olduğu və mülki infrastruktura ziyan dəydiyi bildirilib.
Mənbə
oxu.az