İqtisadiyyat
Nazir: "Azərbaycanda xüsusi sənaye inkişafı zonalarında "qoş - istifadə et" prinsipi tətbiq olunur"
"Azərbaycanın coğrafi mövqeyi ölkəni Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən unikal məntəqəyə çevirir". Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda bildirib. "Çox şadam ki, azad edilmiş ərazilərdə slovakiyalı memarların və tikinti şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr sonuncu olmayacaq. İnanıram ki, əməkdaşlıq potensialı daha geniş və daha yüksəkdir. Məhz buna görə də sizi Azərbaycana yalnız ayrıca bazar kimi deyil, daha geniş regiona açılan qapı kimi baxmağa dəvət edirəm", - deyə M.Cabbarov vurğulayıb. Nazir əlavə edib ki, Bakı təkcə regionun ən böyük paytaxtı deyil, həm də Xəzərin qərb sahilində yerləşən yeganə böyük limana malik şəhərdir: "Bu, Bakını Mərkəzi Asiya üçün ən qısa və etibarlı logistika əlaqə nöqtəsinə çevirir. Azərbaycanın okeana çıxışı olmasa da, biz iqtisadi inkişaf üçün nəqliyyat və ticarət əlaqələrinin əhəmiyyətini yaxşı anlayırıq. Bu, həm də ölkələrimiz arasında daha geniş bazara çıxış imkanları yaradır", - deyə nazir əlavə edib. Mikayıl Cabbarov, həmçinin qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara daxil olmaq imkanı yaradır". Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi prioritet olsa da, başlıca hədəf bilik, bacarıq və texnologiya potensialını yüksəltməkdir: "Bu da Azərbaycan iqtisadiyyatı çərçivəsində rəqabətədavamlı şəkildə istehsal edilə biləcək yeni məhsulların yaranmasına töhfə vermək üçündür. Bu məqsədə çatmaq üçün ölkədə risklərin bölüşdürülməsi mexanizmləri tətbiq olunur. Bizdə maliyyə investoru funksiyasını yerinə yetirən Azərbaycan Sahibkarlığın İnkişafı Fondu fəaliyyət göstərir. O, azlıq payçısı kimi çıxış edərək səhm payçılığı risklərini öz üzərinə götürür. Eyni zamanda, Azərbaycana və regiona investisiya yatıran birgə investisiya fondlarından istifadə edirik". M.Cabbarov bildirib ki, hazırda Azərbaycan-Qazaxıstan, Azərbaycan-BƏƏ, Azərbaycan-Özbəkistan və Azərbaycan-Qırğızıstan birgə investisiya fondları mövcuddur: "Bu, müxtəlif sektorlarda imkanları dəyərləndirmək istəyən müəssisələr üçün geniş ekosistem yaradır". Nazir əlavə edib ki, xüsusi sənaye inkişafı zonalarında "qoş - istifadə et" prinsipi tətbiq olunur: "Ələt Azad İqtisadi Zonası ixrac və regional bazarlara çıxış baxımından strateji əhəmiyyət daşıyır. Gələn ilin ortalarınadək azad iqtisadi zonanın tərkib hissəsi kimi beynəlxalq hava limanı istifadəyə veriləcək".
Mənbə
oxu.az
Oxşar Xəbərlər