İqtisadiyyat
Slovakiyalı biznesmenləri Azərbaycanda nə cəlb edir?
"Slovakiya şirkətlərinin Azərbaycana marağı artır". Oxu.Az xəbər verir ki, bunu Slovakiya İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici Ticarət Departamentinin rəhbəri Daniel Ondruş Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib. "Bugünkü tədbir AZPROMO ilə sıx əməkdaşlığımızın nəticəsidir. Məqsədimiz şirkətlərin görüşməsi, yeni əlaqələr qurması və konkret biznes imkanlarının yaranması üçün platforma formalaşdırmaqdır", - deyə o bildirib. D.Ondruş qeyd edib ki, biznes forumları Slovakiya şirkətlərinin beynəlxalq bazarlara çıxışı və etibarlı tərəfdaşlarla əlaqələrinin qurulması baxımından ən effektiv vasitələrdən biridir. "Bu missiya kənd təsərrüfatı və qida emalı, mühəndislik, müdafiə sənayesi, su təsərrüfatı, infrastruktur, energetika, dağ-mədən sənayesi, informasiya və kommunikasiya texnologiyaları sahələrini təmsil edən geniştərkibli Slovakiya nümayəndə heyətini Bakıya gətirib. Onlar Azərbaycan bazarını öyrənmək və uzunmüddətli biznes tərəfdaşlıqları qurmaq niyyəti ilə buraya gəliblər", - deyə o vurğulayıb. SARIO rəsmisi bildirib ki, bu, son üç il ərzində agentlik tərəfindən Azərbaycana təşkil olunan dördüncü biznes missiyasıdır. "Biz bunu Slovakiya şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinin aydın göstəricisi hesab edirik. Bugünkü forum yalnız başlanğıcdır və onun uğuru məhz bu görüşlərdən yaranacaq yeni tərəfdaşlıqlarla ölçüləcək", - deyə D.Ondruş əlavə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər