Digər

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO

04 Jul 2026, 10:24 1 baxış
Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO
2026-2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsi Fəaliyyət Planının əsas məqsədlərindən biri Azərbaycanı texnologiya şirkətlərinin qurulması, maliyyələşdirilməsi və inkişaf etdirilməsi üçün regionun ən cəlbedici ölkələrindən birinə çevirməkdir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, bu məqsədə nail olmaq üçün ilk növbədə mövcud problemləri aradan qaldırmalıyıq: "Bu gün gənc innovativ şirkətlərin istifadə etdiyi bir çox maliyyələşmə alətləri Azərbaycan qanunvericiliyində ya mövcud deyil, ya da hüquqi statusu qeyri-müəyyəndir. Vençur kapitalı fondlarının fəaliyyəti üçün tam hüquqi çərçivə formalaşmayıb. Kraudfandinq mexanizmi mövcud deyil. Startapların istedadlı əməkdaşları şirkətə bağlamaq üçün istifadə etdiyi işçilərə şirkət payı verməsi hüquqi baxımdan tənzimlənmir. İnnovativ şirkətlərin maliyyələşməsində geniş istifadə olunan SAFE (Simmple Agreement For Future Equity) və konvertasiya olunan borc kimi alətlər qanunvericilikdə tanınmır. Nəticədə sahibkarlar və investorlar çox zaman xarici yurisdiksiyalara müraciət etməyə məcbur olurlar. Biz isə istəyirik ki, Azərbaycan sahibkarı şirkətini xaricdə deyil, Azərbaycanda qursun. İnvestor müqaviləsini xarici hüquqa deyil, Azərbaycan hüququna etibar edərək bağlasın". Maraqlıdır, Azərbaycanın regionun texnologiya mərkəzlərindən birinə çevrilməsi nə dərəcədə real hədəfdir?
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: İnsan kapitalı, tənzimləyici mühit, maliyyə ekosistemi, etibarlılıq Kibertəhlükəsizlik və süni intellekt (AI) eksperti Azər Əlili deyir ki, dövlətin texnologiya sektorunu prioritet kimi müəyyənləşdirməsi istər investorlar, istər yerli startaplar, istərsə də beynəlxalq şirkətlər üçün əhəmiyyətli mesajdır: "Bu cür strateji sənədlərin mövcudluğu özü artıq müsbət siqnaldır. Lakin realist olmaq lazımdır. Texnologiya mərkəzi olmaq bir fəaliyyət planının nəticəsi ilə olmur. Bu, uzun illər ərzində formalaşan, bir-birini tamamlayan bir neçə amildən asılıdır. Bunlar insan kapitalı, tənzimləyici mühit, maliyyə ekosistemi, qlobal əlaqəlilik və ən əsası etibarlılıqdır. Bu sahədə Azərbaycanın potensialı var, amma bu potensial hələ ki, strukturlaşdırılmamış olaraq qalır. Odur ki, hədəf real görünür, lakin onun həyata keçirilməsi ciddi və ardıcıl iş tələb edir". Ekosistem üçün üç əsas prioritet Qanunvericilik dəyişikliklərindən əlavə hansı fundamental addımlar atılmalı olmasına gəldikdə isə, mütəxəssis bildirir ki, qanunvericilik zəruridir, amma kifayət deyil: "Təcrübə göstərir ki, əksər ölkələr qanunları yazır, lakin ekosistemi qura bilmir. Ekosistem üçün üç əsas prioritet vacibdir. Birincisi, insan kapitalına investisiyadır. Bu gün Azərbaycanda texnologiya mütəxəssislərinin sayı tələbi ödəmir. Universitetlərimiz hələ də köhnə kurikulumla işləyir, praktiki bacarıqlar isə arxa plana keçir. Süni intellekt, kibertəhlükəsizlik, bulud texnologiyaları, məlumat elmi bu sahələrdə yüksək ixtisaslı mütəxəssis yetişdirməyincə hər hansı texnologiya mərkəzi iddiası boşluqda qalacaq. İkincisi, startap ekosistemidir. Maliyyə mexanizmləri, kapitalı fondları, vergi güzəştləri, akseleratorlar olmadan texnologiya şirkətləri ya yaranmır, ya da yarandıqdan dərhal sonra xarici bazarlara köçür. Biz prosesin nəticəsini deyil, başlanğıcını maliyyələşdirməliyik. Bizdə risk kapitalı mədəniyyəti hələ formalaşmayıb. Bu boşluğu dövlət-özəl tərəfdaşlıq modelləri ilə doldurmaq olar. Üçüncüsü, kibertəhlükəsizlik infrastrukturudur. Texnologiya mərkəzi olmaq istəyirsinizsə, həmin mərkəzin təhlükəsiz olması şərtdir. Şirkətlər və investorlar öz məlumatlarının, əqli mülkiyyətlərinin qorunduğuna əmin olmaq istəyirlər. Azərbaycanda milli kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi, kritik infrastrukturun qorunması və rəqəmsal inamın artırılması bu istiqamətin ayrılmaz hissəsidir". "Əsas üstünlüyümüz əlverişli coğrafi mövqeyimizdir" A.Əlilinin sözlərinə görə, bu sahədə strategiya qurarkən regional rəqabət mühiti mütləq nəzərə alınmalıdır. O qeyd edir ki, Azərbaycanın əsas üstünlüklərindən biri onun əlverişli coğrafi mövqeyidir: "Azərbaycan həm Avropa, həm Asiya, həm də Yaxın Şərqlə əlaqə nöqtəsindədir. Bu, texnologiya şirkətləri üçün strateji baza deməkdir. Bundan əlavə, sabit makroiqtisadi mühit, inkişaf etməkdə olan rəqəmsal infrastruktur və son illərdə güclənən dövlət rəqəmsallaşma proqramları, "ASAN xidmət", "e-hökumət" həlləri bizi regionda fərqləndirən amillərdir. Maliyyə resurslarımız da regional rəqiblərin əksəriyyəti ilə müqayisədə üstündür. Çatışmazlıqlar isə açıq danışmaq tələb edir". Azərbaycan üçün unikal fürsət Ekspert hesab edir ki, texnologiya sahəsində "çox gec" anlayışı mövcud deyil, əsas risk hərəkətsiz qalmaqdır: "Süni intellekt inqilabı hər şeyi yenidən düzür. Dünya üzrə ölkələrin böyük əksəriyyəti AI strategiyalarını başdan yazır. Bu, Azərbaycan üçün unikal bir fürsətdir. Hər sahədə lider olmaq məcburiyyətimiz yoxdur. Düzgün seçilmiş iki-üç sahədə regional lider olmaq tamamilə real hədəfdir. Texnologiya mərkəzi olmaq bir bəyanatla deyil, ekosistemə qoyulan investisiyayla qurulur".
"Bu hədəf kifayət qədər real görünür" Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov deyir ki, Azərbaycanın regionun texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsi ambisiyalı görünə bilər. Lakin mövcud geosiyasi mövqeyi, rəqəmsal infrastruktur layihələri və dövlətin bu sahəyə strateji yanaşması nəzərə alındıqda, bu hədəf kifayət qədər real görünür: "Bunun üçün ölkənin müəyyən üstünlükləri var. Coğrafi mövqeyimiz, dövlət səviyyəsində rəqəmsallaşmaya verilən diqqət, telekommunikasiya və internet infrastrukturuna yatırılan investisiyalar bu istiqamətdə əhəmiyyətli baza yaradır. Ancaq etiraf etməliyik ki, texnologiya mərkəzi olmaq yalnız infrastruktur qurmaq və ya qanunlar qəbul etməklə mümkün deyil. Burada əsas məsələ innovasiya ekosisteminin formalaşdırılmasıdır. Yəni ideyanın yaranmasından məhsulun bazara çıxmasına, maliyyələşmədən beynəlxalq miqyasda böyüməyə qədər bütün mərhələləri dəstəkləyən mühit formalaşmalıdır". "Əsas resurs insan kapitalıdır" Mütəxəssis bildirir ki, qanunvericilik dəyişiklikləri ilə yanaşı, universitetlərlə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, elmi tədqiqatların kommersiyalaşdırılması, yerli startapların xarici bazarlara çıxış imkanlarının artırılması və dünyanın aparıcı texnologiya şirkətlərində çalışan azərbaycanlı mütəxəssislərin bilik, təcrübəsinin ölkəyə cəlb olunması da innovasiya ekosisteminin inkişafında mühüm rol oynaya bilər. Çünki texnologiya iqtisadiyyatının əsas resursu təbii sərvətlər deyil, insan kapitalıdır.
Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər