Makronun paradoksu: niyə qərar verməkdə gecikir?
2017-ci ildə Fransa prezidenti seçilən Emmanuel Makron özünü “dövlət idarəçiliyinin Yupiteri” kimi təqdim etmişdi. O, özü haqda emosiyalara deyil, ağla söykənən qərarlar verməyi bacaran, hər detalı nəzarətdə saxlayan lider obrazı yaratmışdı. Ancaq Fransa jurnalisti Florian Tardifin yeni kitabı bu imicin arxasında tamam fərqli bir Makron dayandığını ortaya çıxarır.
Axar.az “Le Monde”yə istinadla xəbər verir ki, “Paris Match”ın siyasət yazarı kimi tanınan müəllif Makronun siyasi fəaliyyətini ciddi şəkildə izləyib.
O, kitabında (“Mükəmməl cütlük”) Makronun davranışını “yaxşı tələbə sindromu” kimi xarakterizə edib. Yəni o, qərar verməzdən əvvəl bütün detalları öyrənmək, variantları analiz etmək və tam əmin olduqdan sonra addım atmaq istəyir. Bu isə siyasətin dinamikası ilə ziddiyyət təşkil edir. Çünki siyasətdə bir çox hallarda çevik və vaxtında verilən qərarlar lazımdır.
Müasir dövrdə liderlər üçün ən böyük risklərdən biri “analiz iflici”dir. İnformasiyanın çoxluğu qərar verməyi də çətinləşir. Makronun da məhz bu problemdən əziyyət çəkdiyi iddia olunur. O, qərarın bütün nəticələrini əvvəlcədən hesablamağa çalışır, lakin siyasətdə bütün dəyişənləri proqnozlaşdırmaq mümkün deyil.
Kitabda yer alan daha bir maraqlı məqam Makronun çıxış mətnləri ilə bağlıdır. Bildirilir ki, o, bəzi nitqləri dəfələrlə yenidən yazır, saysız-hesabsız düzəlişlər edir, lakin sonda onları ümumiyyətlə dərc etməkdən imtina edir. Bu isə qərar verməkdə tərəddüdün göstəricisidir.
Əslində bu xüsusiyyət təkcə Makrona aid deyil. Dünyanın bir çox texnokrat lideri oxşar problemlə üzləşir. Akademik hazırlığı güclü olan siyasətçilər çox vaxt idarəetməyə universitet auditoriyasının məntiqi ilə yanaşırlar. Halbuki siyasət elmi laboratoriya deyil. Burada natamam informasiya, sürətli dəyişikliklər və gözlənilməz böhranlar şəraitində qərar qəbul etmək zərurəti yaranır.
Makronun prezidentliyi dövründə də bunun nümunələri az olmayıb. Pensiya islahatlarından tutmuş parlamentin buraxılması kimi mühüm qərarlara qədər, bir sıra addımlar ya uzun müzakirələrdən sonra qəbul edilib, ya da əksinə, gözlənilmədən elan olunaraq ciddi siyasi mübahisələr yaradıb. Bu da Fransa daxilində onun rəhbərlik üslubu barədə uzun müddətdir davam edən müzakirələri qızışdırıb.
Liderlik məsuliyyət götürmək bacarığı tələb edir. Hər şeyi bilmək mümkün deyil, hər şeyi hesablamaq da mümkün deyil. Bəzən liderin əsas keyfiyyəti qeyri-müəyyənlik şəraitində hisslərinə güvənməsi və intuitiv olaraq doğrunu təsbit etmək keyfiyyətidir.
Bəlkə də siyasətin ən böyük paradoksu məhz budur: məktəbdə və universitetdə ən yaxşı nəticə göstərən insan hər zaman ən uğurlu lider olmur. Çünki dövlət idarəçiliyində “ən doğru cavab” anlayışı yoxdur. Burada bəzən gecikmiş mükəmməl qərardan daha qiymətli olan vaxtında verilmiş yetərincə düzgün qərardır.