Dünya

Britaniyada "Maşa və ayı" cizgi filmi qadağan olunur?

03 Jul 2026, 17:48 1 baxış
Britaniyada "Maşa və ayı" cizgi filmi qadağan olunur?
Böyük Britaniya parlamentinin bir qrup deputatı Rusiyanın məşhur "Maşa və ayı" cizgi serialının Birləşmiş Krallıq ərazisində nümayişinə qadağa qoyulmasını tələb edib. Onlar cizgi filminin personajlarının macəralarında gizli təbliğat elementlərinin olduğunu iddia edirlər. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Leyboristlər, Mühafizəkarlar, Liberal Demokratlar, Yaşıllar və Şotlandiya Milli Partiyasını təmsil edən 50-yə yaxın millət vəkili Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Liza Nendiyə müraciət ünvanlayıb. Müraciətdə cizgi serialının yayımının dayandırılması imkanlarının araşdırılması xahiş olunur. Qeyd edək ki, Rusiyanın "Animakkord" studiyası tərəfindən ərsəyə gətirilən "Maşa və ayı" hazırda Böyük Britaniyada "Netflix" və "ITVX" striminq platformaları vasitəsilə izlənilə bilir. Deputatlar xüsusilə Maşanın tankçı dəbilqəsinə bənzəyən baş geyimi və sovet tipli hərbi formada təsvir edildiyi epizodlara diqqət çəkiblər. Onların sözlərinə görə, başqa bir səhnədə qəhrəman sovet sərhədçisinin furajkasını xatırladan papaq taxır. "Netflix"in Rusiya istehsalı olan "Maşa və ayı" cizgi filminin iki yeni mövsümünün nümayiş hüququnu alması, həmçinin mövcud mövsümlər və spin-offlar üçün 100-dən çox ölkəni əhatə edən lisenziya müqaviləsini yeniləməsindən sonra hökumətin təcili tədbirlər görməsini tələb edirik", - deyə nəşrin istinad etdiyi müraciətdə deyilir. Qəzet layihənin lisenziyalaşdırılması və yayımı ilə məşğul olan "Animakkord" şirkəti nümayəndəsinin də mövqeyini dərc edib. Şirkət cizgi serialının təbliğatla əlaqəli olması barədə yalan və nüfuza xələl gətirən iddiaları qəti şəkildə rədd edib. "İyirmi ilə yaxındır ki, "Maşa və ayı" dostluq, xeyirxahlıq və təxəyyül haqqında universal hekayələr danışaraq 100-dən çox ölkədə ailələrə sevinc bəxş edir. Serialda heç bir siyasi mesaj yoxdur və bunun əksini iddia edən fikirlər onun məzmunu ilə qətiyyən təsdiqlənmir", - deyə şirkətdən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər