Dünya
Fransa və İtaliya Livana hərbi kontingent yerləşdirməyi planlaşdırır
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyası yekunlaşdıqdan sonra İtaliya və Fransa bu ölkənin cənub hissəsində öz hərbi kontingentini yerləşdirə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalına Fransanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Sözügedən layihənin ABŞ və bir sıra Avropa ölkələrinin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur. Hərbi qüvvələr milli orduya dəstək məqsədilə Livan hökumətinin müraciəti əsasında bölgəyə göndəriləcək. "Rəsmi Paris həmçinin bildirib ki, Livan və İsrail arasında əldə olunmuş son çərçivə sazişi ilə bağlı təhlükəsizlik tədbirləri fonunda qüvvələrin yerləşdirilməsinin yekun mexanizmini razılaşdırmaq üçün tərəfdaşlarla məsləhətləşmələr davam etdirilir", - deyə telekanalın məlumatında bildirilib. Xatırladaq ki, 2025-ci ildə BMT Təhlükəsizlik Şurası UNIFIL missiyasının başa çatması barədə qətnamə qəbul edib və qoşunların çıxarılması 2027-ci ilə qədər yekunlaşmalıdır. Bu missiya Livan və İsrail arasında atəşkəs rejiminə nəzarət etmək üçün 1978-ci ildə yaradılmışdı. 2006-cı ildə baş verən hərbi əməliyyatlardan sonra onun mandatı daha da genişləndirilmişdi. Kontingentin tərkibindəki hərbçilərin maksimal sayı 15 min nəfərə çatırdı. İyun ayının əvvəlində isə İsrail mətbuatı ABŞ rəhbərliyinin Cənubi Livandakı BMT sülhməramlı qüvvələrinə dəstəyi dayandırmaq məsələsini nəzərdən keçirdiyini yazmışdı.
Mənbə
oxu.az