Dünya

ABŞ və Çin arasında balıq davası: Pekin Vaşinqtonun hansı ittihamını rədd etdi?

03 Jul 2026, 16:44 1 baxış
ABŞ və Çin arasında balıq davası: Pekin Vaşinqtonun hansı ittihamını rədd etdi?
Çin ABŞ-nin onu qanunsuz balıqçılıqda ittiham etməsinə cavab verib. Pekin bunu təkzib edərək, belə iddiaları siyasi manipulyasiya kimi qiymətləndirib. Oxu.Az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Quo Szyakun açıqlama verib. O, brifinqdə Vaşinqtonun Çini qeyri-qanuni balıq ovunda günahlandıran hesabatına münasibət bildirərək qeyd edib: "Birləşmiş Ştatların daxili qanunlarına əsaslanaraq çıxardığı bu qondarma qərar obyektiv reallığı əks etdirmir və beynəlxalq hüquqla uzlaşmır. Əsas hədəf Çinin dəniz balıqçılığı sektorunun inkişafının qarşısını qəsdən almaqdır". Quo Szyakun diqqətə çatdırıb ki, Vaşinqton tərəfindən səsləndirilən bu ittihamlar aşkar siyasi manipulyasiyadan başqa bir şey deyil və Pekin buna qarşı kəskin etiraz edir. Diplomat əlavə edib ki, Çin qanunsuz balıqçılıq fəaliyyətlərinin dayandırılmasına böyük məsuliyyətlə yanaşır və oxşar qanunpozmalara qarşı "sıfır dözümlülük" prinsipi tətbiq edir. XİN rəsmisi Çində balıqçılıqla bağlı regional öhdəliklərin icrasında ölkəyə aparıcı mövqe qazandıran geniş qanunvericilik bazasının olduğunu xatırladıb. O, 2015-ci ilin aprel ayında Çinin qeyri-qanuni, qeydiyyata alınmayan və tənzimlənməyən balıq ovunun qarşısının alınması və ləğv edilməsi ilə bağlı Liman Dövləti Tədbirləri haqqında Sazişə rəsmən daxil olduğunu qeyd edib. Bildirilib ki, Pekin balıq resurslarının qorunması istiqamətindəki problemlərin həllinə aktiv şəkildə töhfə verir. "Bununla belə, Birləşmiş Ştatların özü qanunsuz balıqçılıq, dəniz ehtiyatlarının məhvi və dəniz ekosisteminin çirkləndirilməsi məsələlərində olduqca mənfi və bədnam bir reputasiya qazanıb", - deyə Quo Szyakun çıxışına əlavə edərək deyib. O, arqumentini əsaslandırmaq üçün ABŞ-nin balıq ovu üçün müəyyən edilmiş kvotaları pozması hallarını misal çəkib.
Mənbə oxu.az

Oxşar Xəbərlər