İdman
Portuqaliya 60 ildən sonra dünya çempionatında əzmkar qələbə qazandı
Portuqaliya yığması dünya çempionatının (DÇ) 1/16 final mərhələsində Xorvatiya komandasına qarşı keçirdiyi matçda son 60 ildə ilk dəfə olaraq əzmkar qələbə qazanmağı bacarıb. Oxu.Az xəbər verir ki, matçın 53-cü dəqiqəsində Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç hesabı açıb. Daha sonra portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-ci dəqiqə, penaltidən) və Qonsalu Ramuş (90+4) fərqlənərək komandalarına qələbə gətirən qollara imza atıblar. Portuqaliyalılar dünya çempionatında hesabda geriyə düşdükləri matçda sonuncu dəfə 1966-cı ilin dünya birinciliyində qalib gələ bilmişdilər. Həmin vaxt komanda dörddəbir finalda KXDR yığmasını üstələmişdi (5:3). DÇ-2026-da Portuqaliya millisinin növbəti rəqibi İspaniya yığması olacaq. 1/8 final mərhələsinin görüşü iyulun 6-da keçiriləcək. Qeyd edək ki, futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirə iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az