Dünya
Kanada Asiyaya neft çatdırmaq üçün yeni kəmər çəkir: ABŞ-dən asılılığa son qoyulur
Kanada hər gün 1 milyon barelə qədər xam neftin Asiya qitəsinə nəqlini təmin edəcək yeni kəmərin inşası istiqamətində mühüm addım atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Bildirilib ki, Kanadanın Baş naziri Mark Karni ölkəni enerji supergücünə çevirməyi və ABŞ bazarından olan asılılığa son qoymağı hədəfləyib. Karni bildirib ki, Alberta əyaləti tərəfindən uzunluğu min kilometrdən artıq olan kəmərin inşasına dair planlar irəli sürülüb. Layihəyə əsasən, bu boru xəttinin 2027-ci ilin sentyabr ayına qədər Britaniya Kolumbiyasının qərb sahillərinədək uzadılması nəzərdə tutulur. Baş nazir bu layihəni Kanadanın gələcəyini formalaşdıracaq və "həyatda yalnız bir dəfə ələ düşən" fürsət adlandırıb. O əlavə edib ki, yeni xəttin istiqaməti Sakit okean sahillərinə gedən mövcud dağ dəhlizi marşrutu ilə üst-üstə düşəcək. Onun fikrincə, bu infrastruktur qlobal miqyasda ən sürətlə böyüyən bazarlara çıxış qapısı rolunu oynayacaq. Baş nazirin sözlərinə görə, növbəti onillik ərzində beş terminalın tikintisi hesabına Kanada mayeləşdirilmiş qaz istehsalını üç dəfədən çox artıracaq, Ottava isə Vankuver limanının modernləşdirilməsinə 10 milyard Kanada dolları (7 milyard dollar) xərcləyəcək. Alberta əyalətinin baş naziri Danielle Smith əyalətdə neft hasilatını ikiqat artırmaq və növbəti onilliklərdə milyardlarla gəlir təmin etmək üçün 2035-ci ilədək kəmər tikmək planlarını açıqlayıb. Nəşr vurğulayır ki, kəmərin tikintisi Mark Karninin Kanada məhsul və xidmətlərinin təxminən dörddə üçünün ixrac olunduğu ABŞ bazarından asılılığı aradan qaldırmaq cəhdlərinin tərkib hissəsidir. Hazırda Kanada hasil etdiyi neftin mütləq əksəriyyətini Birləşmiş Ştatlara satır. Bu isə ABŞ-nin neft idxalının təqribən 60 faizini, başqa sözlə, gündəlik olaraq 4 milyon barelini təşkil edir.
Mənbə
oxu.az