Dünya
Avropa İttifaqı "Google" şirkətini dörd milyard avrodan çox cərimələdi
Avropa İttifaqının (Aİ) Ali Məhkəməsi "Google" şirkətinin 4.125 milyard avro məbləğindəki antimonopoliya cəriməsi ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. Bununla da Avropa Komissiyasının texnologiya nəhənginə qarşı apardığı ən böyük araşdırmalardan biri üzrə qərar qəti olaraq qüvvədə saxlanılıb. bu barədə "Politico" nəşrinə istinadən xəbər verir. Məhkəmə Avropa Komissiyasının "Google"un "Android" əməliyyat sistemi ilə işləyən smartfon istehsalçılarını və mobil operatorları məhdudlaşdıraraq bazardakı dominant mövqeyindən sui-istifadə etməsi barədə gəldiyi nəticələri təsdiqləyib. Tənzimləyici qurumun rəyinə görə, bu addımlar "Google Search" axtarış sistemi və "Chrome" brauzerinin bazardakı üstünlüyünü qoruyub saxlamağa yönəlib. Xatırladaq ki, 2018-ci ildə Avropa Komissiyası şirkətə ilkin olaraq 4.34 milyard avro məbləğində cərimə kəsmişdi. 2022-ci ildə Aİ-nin Ümumi Məhkəməsi bu məbləği 4.125 milyard avroya endirsə də, indi ali məhkəmə instansiyası həmin qərarı dəyişməz saxlayıb. "Google" rəsmiləri məhkəmənin qərarı ilə razılaşmadıqlarını bəyan ediblər. Şirkətdən bildirilib ki, bu qərar "Android"in açıq, uyğunlaşa bilən və ödənişsiz əməliyyat sistemi kimi inkişafına qoyulan böyük investisiyaları nəzərə almır. Həmçinin, "Google" Avropa Komissiyasının 2018-ci il qərarından sonra qarşıya qoyulan bütün tələbləri yerinə yetirdiyini xatırladıb.
Mənbə
oxu.az