Dünya

Hindistan "WhatsApp"dan yeni funksiyanın tətbiqini dayandırmağı tələb etdi

03 Jul 2026, 04:00 2 baxış
Hindistan "WhatsApp"dan yeni funksiyanın tətbiqini dayandırmağı tələb etdi
Hindistan hökuməti "Meta" şirkətinə məxsus "WhatsApp" mesencerinin yeni "istifadəçi adı" (username) funksiyasına qarşı çıxıb. Oxu.Az "SCMP"yə istinadən xəbər verir ki, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi şirkətə bu funksiyanın ölkə daxilində tətbiqini dayandırmağı əmr edib. "Meta" bu yaxınlarda istifadəçilərə telefon nömrələrini paylaşmadan unikal adlar vasitəsilə ünsiyyət qurmaq imkanı verən yeni funksiyanı elan etmişdi. Lakin Hindistan hakimiyyəti bu yeniliyin kibercinayətkarlığı, xüsusilə fişinq (phishing), "rəqəmsal həbs" (digital arrest) fırıldaqları və kimliyin oğurlanması hallarını artıra biləcəyindən ciddi narahatdır. Rəsmilər bildirirlər ki, istifadəçi adları vasitəsilə fırıldaqçılar özlərini dövlət qurumları, maliyyə təşkilatları və ya tanınmış şəxslər kimi təqdim edərək istifadəçiləri daha asan aldadıla bilərlər. Nazirlik "WhatsApp"a rəsmi məktub göndərərək, mövzu ilə bağlı ətraflı izahat tələb edib. Şirkətə cavab vermək üçün üç iş günü vaxt verilib. Məsləhətləşmələr başa çatana və hökumət təhlükəsizlik tədbirlərindən tam razı qalana qədər funksiyanın istifadəyə verilməsi qadağan edilib. "WhatsApp" tərəfindən verilən cavabda isə qeyd olunur ki, funksiya hələ istifadəyə verilməyib və sistemdə saxtakarlığın qarşısını almaq üçün artıq müxtəlif qoruyucu mexanizmlər, o cümlədən yüksəkvəzifəli şəxslərin adlarının qorunması (rezervasiyası) kimi tədbirlər nəzərdə tutulub. Qeyd edək ki, bu tədbir Hindistan hökumətinin rəqəmsal məkanın təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi daha geniş kampaniyanın bir hissəsidir. İyun ayında ölkədə imtahan suallarının sızması və fırıldaqçılıq halları səbəbindən "Telegram" tətbiqi də müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər