Digər
General-mayor: "Azərbaycan Ordusu beynəlxalq sülhə, qlobal təhlükəsizliyə və sabitliyə öz töhfəsini verib"
"Azərbaycan Ordusunun sülhməramlı əməliyyatları barədə danışarkən xüsusilə vurğulamalıyıq ki, uzun illər ərzində Azərbaycan Ordusu beynəlxalq sülhə, qlobal təhlükəsizliyə və sabitliyə öz töhfəsini verib". Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev deyib. O bildirib ki, bu fəaliyyət Azərbaycan Ordusunun tarixində çox mühüm yer tutur: "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda iştirakından danışarkən Kosovo, Əfqanıstan və İraqda həyata keçirilən missiyaları xüsusi qeyd etməliyik. Eyni zamanda, bildiyiniz kimi, bu fəaliyyət bu gün də davam etdirilir. Hazırda Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı missiyasında Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq təhlükəsizliyə öz töhfələrini verməkdədirlər. Əlbəttə, qətiyyətli dəstək missiyasında Azərbaycan Ordusunun nümayəndələrinin fəaliyyətini də xüsusi vurğulamalıyıq. Bildiyiniz kimi, bu missiyanın başa çatması zamanı Əfqanıstanı ən son tərk edən ölkələrdən biri Azərbaycan-Türkiyə hərbi kontingenti olub. Bu da Azərbaycanın beynəlxalq missiyalara verdiyi töhfənin bariz nümunəsidir".
Mənbə
oxu.az