İdman
Qurban Qurbanov: "Yaxşı hazırlıq alındı"
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib. Oxu.Az xəbər verir ki, komanda günün ilk yarısında Ukraynanın "Xarkov" (2:6), ikinci yarısında isə Macarıstanın "Ferensvaroş" (0:1) komandaları ilə üz-üzə gəlib. Oyunlardan sonra komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: "Bu gün iki oyun keçirdik. "Xarkov"la olan ilk matçda daha çox gənc futbolçulara şans verdik. Maraqlı və dinamik mübarizə oldu, xeyli sayda qol epizodu yaratdıq. Günün ikinci matçındakı rəqibimiz "Ferensvaroş" da çox güclü kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq və nəticənin pis olduğunu deyə bilmərəm. Təbii ki, bir qədər çox vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Heyətimizdə kifayət qədər dəyişikliklər edilib və oyunçuların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac var. Futbolçular istəklə çalışdılar və hazırlıqları uğurlu keçdi. Oyun planımız üzərində işləməyə davam edəcəyik. İndi futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlarımız olacaq və oyunçuları bu müddət ərzində optimal idman formasına salmağa çalışacağıq".
Mənbə
oxu.az