Siyasət

Azərbaycanda rəqəmsal inqilab: Dövlət idarəçiliyi yeni mərhələyə qədəm qoyur

01 Jul 2026, 17:20 1 baxış
Azərbaycanda rəqəmsal inqilab: Dövlət idarəçiliyi yeni mərhələyə qədəm qoyur
Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsal transformasiyası yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar təkcə elektron xidmətlərin artırılması ilə məhdudlaşmır. Məqsəd dövlət idarəçiliyinin daha çevik, məlumatəsaslı və vətəndaşyönümlü modelə keçirilməsi, eyni zamanda, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrinin vahid strategiya çərçivəsində inkişaf etdirilməsidir. Bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması məhz bu yanaşmanın əsasını formalaşdırıb. Ardınca Prezidentin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-28-ci illər üçün Fəaliyyət Planı" qarşıdakı üç il üçün rəqəmsal inkişafın əsas yol xəritəsini müəyyən edib. Sənəd dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması kimi strateji məqsədləri özündə birləşdirir. Eyni zamanda, Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılaraq vahid idarəetmə modelinin formalaşdırılmasına xidmət edir. Planın əsasını dörd istiqamət təşkil edir. Bunlar rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahəsidir. Bu istiqamətlərin həyata keçirilməsi üçün infrastrukturun inkişafı, hüquqi tənzimləmə, insan kapitalının gücləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi əsas dəstək elementləri kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən, dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində cavabdeh şəxslər təyin olunublar. İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da bu istiqamətdə görülən işlərin qiymətləndirilməsi baxımından mühüm mərhələ olub. İclasda 2026-28-ci illər üzrə Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə edilib. Bildirilib ki, Şuranın əsas istiqaməti Fəaliyyət Planının icrasıdır. Prioritetlər sırasında dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, həmçinin investisiyaların və startapların dəstəklənməsi yer alır. Süni intellektin strateji əhəmiyyəti xüsusi vurğulanaraq bütün qərarların Azərbaycanın milli maraqları əsasında qəbul edilməsinin vacibliyi qeyd olunub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təqdim etdiyi məlumatlara görə, hazırda dövlət qurumları üzrə yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi, "mygov" platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. Rəqəmsallaşma sahəsində əsas hədəflərdən biri dövlət xidmətlərinin vahid platformada cəmlənməsidir. Hazırda vətəndaşlar müxtəlif dövlət xidmətlərindən istifadə etmək üçün ayrı-ayrı mobil tətbiqlərə müraciət edirlər. Yeni yanaşma bu pərakəndəliyin aradan qaldırılmasını və bütün dövlət xidmətlərinin vətəndaşlar üçün "mygov", sahibkarlar üçün isə "mygov Biznes" platformalarında təqdim edilməsini nəzərdə tutur. Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri proaktiv dövlət xidmətlərinin genişləndirilməsidir. Məqsəd bəzi xidmətlərin vətəndaşın ayrıca müraciəti olmadan, dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında avtomatik təqdim edilməsidir. Artıq yaşa görə əmək pensiyasının təyinində bu mexanizm tətbiq edilir. Eyni yanaşmanın uşağın doğulmasına görə birdəfəlik müavinətin ödənilməsi, sənədlərin etibarlılıq müddətinin başa çatması barədə avtomatik xəbərdarlıqlar və səfərbərlik üzrə tibbi müayinəyə çağırışlarda da tətbiqi nəzərdə tutulur. Beləliklə, 2026-28-ci illəri əhatə edən Fəaliyyət Planı dövlət xidmətlərinin rəqəmsallaşdırılmasından başlayaraq innovasiya, süni intellekt, kibertəhlükəsizlik və təhsilə qədər geniş spektri əhatə edən kompleks transformasiya modelini ortaya qoyur. Qarşıdakı dövrdə əsas diqqət müəyyən edilmiş hədəflərin icrasına və rəqəmsal inkişafın dövlət idarəçiliyinin bütün istiqamətlərinə inteqrasiyasına yönələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər