Almaniya “Arrou” müdafiə sistemi üçün yeni baza yaradır
Almaniya hökuməti “Arrou” hava hücumundan müdafiə sistemi üçün ölkənin cənubunda – Bavariya əyalətinin Kaufboyren bölgəsində yeni dislokasiya mövqeyinin yaradılması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yeni obyektin daha əvvəl Brandenburq əyalətinin Şönevalde şəhərində yaradılması planlaşdırılan mövqeni tamamlayacağı və Almaniyanın ballistik raketlərdən müdafiə imkanlarını gücləndirəcəyi bildirilir.
Qeyd olunub ki, “Arrou” sistemi 100 kilometrdən yuxarı hündürlükdə ballistik raketləri aşkarlayıb kinetik zərbə ilə məhv etmək imkanına malikdir. Sistem mülki əhalinin, kritik infrastrukturun və Silahlı Qüvvələrin müdafiəsinə xidmət edən tam müdafiə xarakterli vasitədir.