Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
Bu gün səhər saatlarında 3 nömrəli marşrut avtobusunun intervalı bir saata yaxın artıb və bu da vətəndaşların narazılığına səbəb olub.
Məsələ ilə bağlı “Bakı Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Axar.az-a açıqlamasında bildirib ki, 3 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 24 avtobusla təmin edilir və xətt üzrə hərəkət 6-7 dəqiqəlik intervalla həyata keçirilir.
“3 nömrəli marşrut xətti üzrə hərəkət intervalında yaranan artım Əzizbəyov heykəlinin yanı (20 nömrəli məktəbin qarşısı) istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolun bağlanması səbəbindən baş verib. Bununla əlaqədar olaraq 3, 6 və 10 nömrəli marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilərək Mikayıl Müşfiq dairəsi – Mətbuat prospekti – Ayna Sultanova küçəsi – Texniki Universitetin yanı istiqamətindən təşkil edilib. Marşrut üzrə yaranan əlavə hərəkət yükü avtobuslararası intervalın artmasına səbəb olub”, - o vurğulayıb.
Qeyd olunan dəyişiklik və yolun bağlanması ilə bağlı operativ məlumat səhər saatlarında “Bakı Bus” MMC-nin rəsmi Teleqram kanalında paylaşılsa da, mediada yayılmayıb, Teleqram kanalının isə cəmi 1246 izləyicisi var.