İdman

Futbolda ən çətin rəqib: Səndən əvvəl gələn əfsanə

28 Jun 2026, 21:00 2 baxış
Futbolda ən çətin rəqib: Səndən əvvəl gələn əfsanə
Həyatda və futbolda bəzən ən böyük maneə qarşındakı rəqib deyil. Səndən əvvəl yaradılmış böyük addır. Əgər bir mövqenin, oyun tərzinin və ya hətta bir adın sahibi artıq varsa, sonradan gələn hər kəs həmin kölgə ilə mübarizə aparmalı olur. Hətta daha yaxşı olsa belə, əvvəlki obrazın yaratdığı təsəvvür yeni gələnin yolunu çətinləşdirə bilər. Çünki insanlar yeni olanı həmişə sıfırdan qiymətləndirmirlər. Beyin ən qısa yolu seçir və yeni gördüyü insanı əvvəldən tanıdığı kateqoriyaya yerləşdirir. Məhz buna görə futbolda "yeni Maradona", "yeni Messi", "yeni Ronaldo", "yeni Zidan" kimi ifadələr yaranır. Amma bu ifadələr bəzən tərifdən çox yükdür. Çünki yeni gələn futbolçu artıq öz adı ilə deyil, əvvəlki əfsanə ilə müqayisə olunmağa başlayır. Robert Qrinin güc qanunlarından biri olan "41-ci Qanun" məhz bu təhlükədən danışır: Böyük insanların ayaqqabılarını geyinməkdən çəkinmək lazımdır. Çünki ilk olan həmişə daha orijinal görünür. Sonradan gələn isə nə qədər uğurlu olsa belə, əvvəlki obrazın kölgəsindən çıxmağa çalışır. Əsl güc isə əvvəlkinin davamı olmaq deyil. Yeni kateqoriya yaratmaqdır. "Ronaldo" adı bunun ən yaxşı nümunələrindən biridir. Bir dövr dünyanın ən yaxşı futbolçularından biri sayılan braziliyalı Ronaldo artıq futbol tarixində öz yerini tutmuşdu. Onun adı sürət, texnika və fenomenal istedadla bağlı idi. Hətta Ronaldinyo belə öz adı olan "Ronaldo" ilə deyil, fərqli ləqəblə tanındı. Çünki artıq həmin adın sahibi var idi. Kriştianu Ronaldu isə fərqli yol seçdi. O, əvvəlki Ronaldonun davamı olmadı. Tamamilə başqa bir obraz yaratdı. Fərqli fiziki profil, fərqli oyun tərzi, fərqli zərbə texnikası, fərqli peşəkarlıq anlayışı ortaya qoydu. Nəticədə "Ronaldo" adı artıq bir futbolçunun deyil, iki fərqli dövrün simvoluna çevrildi. Bu gün həmin ad deyiləndə insanların böyük hissəsinin ağlına Kriştianu Ronaldunun gəlməsi təsadüf deyil. Bu, sadəcə futbol uğuru deyil. Bu, markalaşma uğurudur. Messinin hekayəsi isə daha mürəkkəb idi. O, futbol dünyasına daxil olduğu gündən Maradonanın varisi kimi təqdim edildi. Müqayisə qaçılmaz idi. Maradonanın məşhur solo qoluna bənzər qol vurdu. Daha sonra onun İngiltərəyə qarşı vurduğu əllə qol epizodunu xatırladan hadisə yaşandı. Futbol dünyası onu daim Maradona ilə müqayisə etdi. Amma əslində Messi və Maradona tamamilə fərqli futbolçular idi. Maradona həm funksional, həm də estetik idi. Onun oyunu yalnız nəticə deyildi, tamaşa idi. O, bir xalqın emosiyası, bir şəhərin simvolu, bir dövrün qəhrəmanı idi. Messi isə fərqli bir yol seçdi. O, davamlılığın, mükəmməlliyin və qeyri-adi sabitliyin simvoluna çevrildi. Maradona partlayıcı bir vulkan idi. Messi isə illərlə işləyən bir maşın. Maradona emosiyadır. Messi davamlılıqdır. Maraqlıdır ki, Maradona bir çox statistik göstəricidə Messidən geri qalsa da, onun markası hələ də çox güclüdür. Çünki insanlar yalnız rəqəmləri xatırlamırlar. Onlar hekayələri xatırlayırlar. Maradona sadəcə futbolçu deyildi. O, Argentinanın qüruru, Napolinin üsyanı və İngiltərəyə qarşı qələbənin simvolu idi. Messi isə sonda Maradonanın varisi olmaqdan çıxdı və özü ayrıca bir kateqoriya yaratdı. Əsl böyüklük də budur. Böyük kölgələrdən çıxmaq. Tarixdə bunun başqa nümunələri də var. Böyük İsgəndər Makedoniyalı Filippin oğlu idi. Filipp artıq böyük hökmdar idi, Yunanıstanı fəth etmişdi və oğluna güclü miras buraxmışdı. Amma İsgəndər sadəcə atasının davamçısı olmaq istəmirdi. Rəvayətə görə, Filipp yeni torpaqlar fəth etdikcə İsgəndər narahat olurdu: "Atam mənə fəth edəcək heç nə saxlamayacaq". Bu cümlə onun düşüncəsini göstərirdi. O, hazır mirasla kifayətlənmək yox, öz adını yaratmaq istəyirdi. Nəticədə İsgəndər atasının kölgəsində qalmadı. Tarixin ən böyük fatehlərindən birinə çevrildi. III Napoleon da böyük əmisi Napoleon Bonapartın yaratdığı nüfuzdan istifadə etdi. Amma hakimiyyətə gəldikdən sonra yalnız keçmişin kölgəsində yaşamadı, öz siyasi obrazını yaratmağa çalışdı. Bu nümunələrin hamısında eyni qanun işləyir: Başqasının açdığı yolla getmək təhlükəsizdir, amma həmin yolda heç vaxt birinci ola bilməzsən. Futbolda da, həyatda da ən böyük mübarizə bəzən meydanda deyil, insanların zehnində baş verir. Çünki böyük adları məğlub etmək kifayət etmir. Əsl böyüklük onların kölgəsindən çıxıb, öz kölgəni yaratmaqdır. Ən çətin rəqib həmişə qarşındakı deyil. Bəzən ən çətin rəqib səndən əvvəl gələn əfsanədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər