İdman

DÇ-2026: Messi yenə qolla yadda qaldı, Argentina inamlı qələbə qazandı, Avstriya qollu heç-heçə etdi

28 Jun 2026, 08:08 1 baxış
DÇ-2026: Messi yenə qolla yadda qaldı, Argentina inamlı qələbə qazandı, Avstriya qollu heç-heçə etdi
2026-cı il futbol üzrə dünya çempionatının J qrupunun sonuncu - 3-cü turunda İordaniya və Argentina milliləri üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən "AT&T" stadionunda keçirilən görüşü Rumıniyadan olan baş hakim İştvan Kovaç idarə edib. Qarşılaşma Argentina millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 19-cu dəqiqədə Argentina millisinin yarımmüdafiəçisi Covani Lo Çelso açıb. Matçın 31-ci dəqiqəsində Lautaro Martines 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü iki topa çatdırıb. İordaniya millisinin hücumçusu Musa Əl-Tamari 55-ci dəqiqədə fərqi azaldıb. Lakin 80-ci dəqiqədə Lionel Messi fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib - 3:1. Beləliklə, Argentina millisi üç oyundan doqquz xal toplayaraq J qrupunu birinci pillədə başa vurub və pley-off mərhələsinə yüksəlib. Üç görüşdən xal qazana bilməyən İordaniya isə dünya çempionatı ilə vidalaşıb. Qrupun digər oyununda Əlcəzair və Avstriya məhsuldar heç-heçəyə razılaşıblar. J qrupunun 3-cü turunda keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb. ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində yerləşən "Arrowhead" stadionunda baş tutan oyunu Özbəkistandan olan hakim İlgiz Tantaşev idarə edib. Avstriya millisinin heyətində qolları Marko Arnautoviç, Marsel Zabitser və Saşa Kalaydziç vurublar. Üç turun yekununda həm Avstriya, həm də Əlcəzair milliləri dörd xal toplayıblar. Əlavə göstəricilərə əsasən Avstriya ikinci, Əlcəzair isə üçüncü pillədə qərarlaşıb. Xal qazana bilməyən İordaniya sonuncu - dördüncü yeri tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər