İdman
Fərman Həsənov: "Ancaq qələbə barədə düşünürdüm"
"Özümü əla hiss edirəm". Oxu.Az xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ABŞ təmsilçisi Erik Nolanı məğlub edən Fərman Həsənov deyib. O bildirib ki, ilk döyüşünü Azərbaycanda keçirməyi qürurverici bir hissdir: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldırıb yuxarı baxanda millətimi görəndə ancaq qələbə barədə düşünürdüm. Döyüşü vaxtından tez bitirməyi düşünürdüm. Döyüşdən öncəki həftə bir az xəstələndim, problemlər oldu. Sadəcə olaraq bəzi narahatlıqlar buna imkan vermədi. Amma üç raundda da qalib oldum. İbrahim müəllimə təşəkkür edirəm. Mənə çox böyük dəstək oldu. Rəqib də yaxşı hazırlaşmışdı. Teykdaun çox etdim və dominantlıq məndə oldu. Səhvlərimin üzərində işləməyə və daha da yaxşı döyüşməyə çalışacağam. UFC ilə dörd döyüşlük müqaviləm var. Digər üç döyüşü də qazanmağa çalışacağam. ABŞ-yə təlim-məşq toplanışlarına getsəm də, orda Azərbaycan yeməkləri yoxdur. Ona görə də həmişə buraya qayıtmağı seçirəm", - deyə F.Həsənov qeyd edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə münasibətlərə aydınlıq gətirəcək.
Mənbə
oxu.az