İdman
Dünya çempionatında həlledici gecə: Qrup mərhələsinə yekun vurulur
Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulur. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu oyunlarında da azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir. L qrupunun son matçlarında Panama İngiltərəyə qarşı mübarizə aparacaq, Xorvatiya isə Qana ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki həlledici görüşün start fiti iyunun 28-nə keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da səslənəcək. İki turun nəticələrinə əsasən, L qrupunda İngiltərə və Qana milliləri hərəyə 4 xal toplayaraq ilk iki pilləni bölüşürlər. Xorvatiya 3 xalla üçüncü yerdə qərarlaşıb, hələlik xalı olmayan Panama isə sonuncudur. K qrupunun oyunlarında Kolumbiya Portuqaliyanı, Konqo Demokratik Respublikası isə Özbəkistanı sınağa çəkəcək. Bu qrupdakı hər iki qarşılaşma iyunun 28-i, Bakı vaxtı ilə saat 03:30-da start götürəcək. Hazırda K qrupunda turnir cədvəli belə formalaşıb: 6 xala malik Kolumbiya millisi liderliyini qoruyur, aktivində 4 xal olan Portuqaliya isə onu izləyir. Konqo Demokratik Respublikası 1 xalla üçüncü pillədədir, geridə qalan turlarda xal qazana bilməyən Özbəkistan isə cədvəli qapayır. J qrupunda isə iyunun 28-i səhər saat 06:00-da yaşıl meydanda əsl xal savaşı yaşanacaq. Bu qrupda Əlcəzair Avstriya ilə, İordaniya isə Argentina ilə gücünü sınayacaq. J qrupunun cədvəlinə nəzər saldıqda, Argentinanın 6 xalla vahid lider olduğunu görürük. Avstriya və Əlcəzair hərəyə 3 xal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerləri zəbt ediblər. Qrupun autsayderi olan İordaniya yığmasının isə hələlik aktivində xal yoxdur Dünya çempionatı III tur 28 iyun L qrupu 01:00. Panama - İngiltərə; 01:00. Xorvatiya - Qana. 28 iyun K qrupu 03:30. Kolumbiya - Portuqaliya; 03:30. Konqo Demokratik Respublikası - Özbəkistan. J qrupu 28 iyun 06:00. Əlcəzair - Avstriya; 06:00. İordaniya - Argentina. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az