Siyasət
"Siqh Federation International": "Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır"
"Müstəmləkəçi dövlətlər qitələr boyunca süni sərhədlər çəkdi, icmaları bir-birindən ayırdı, xalqları köçürdü və onları imperiyaların maraqlarına xidmət edən siyasi sistemlərə daxil etdi. Bu gün bir çox yerlərdə formal müstəmləkə idarəçiliyi sona çatsa da, onun yaratdığı siyasi strukturlar hələ də qalmaqdadır". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Kanadada "Siqh Federation International" təşkilatının hüquq müşaviri Virrinq Prabjot Siqh Bakı Təşəbbüs Qrupu tərəfindən Vaşinqtonda Konqres binasında keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Hindistan bunun nümunələrindən biridir. "Müasir Hindistan dövləti Britaniya imperiyasının qurduğu inzibati sistem üzərində formalaşıb. 1947-ci ildə hakimiyyət təhvil verilsə də, müstəmləkə dövrünün bir çox idarəetmə mexanizmləri olduğu kimi saxlanılıb. Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların, o cümlədən siqhlərin, manipurluların və naqalıların öz müqəddəratını təyinetmə hüququnu tanımır. Halbuki bu hüquq beynəlxalq hüququn fundamental prinsiplərindən biridir. Siqh xalqının öz tarixi, vətəni, dili və siyasi kimliyi var. Biz sadəcə dini azlıq deyilik. Biz vaxtilə öz dövlətçiliyi və suverenliyi olmuş bir xalqıq", - deyə o əlavə edib. Virrinq Prabjotun sözlərinə görə, dekolonizasiya hakimiyyətin birindən digərinə keçməsi deyil, bu, xalqların öz siyasi gələcəyini müəyyən etmək imkanının tanınmasıdır: "Cənubi Asiyada davamlı sülhün yolu da məhz öz müqəddəratını təyinetmə hüququndan keçir. Əsas sual bu hüququn mövcud olub-olmaması deyil. Bu hüquq artıq tanınıb. Əsas sual beynəlxalq ictimaiyyətin bu prinsipi bütün xalqlara eyni şəkildə tətbiq edib-etməyəcəyidir".
Mənbə
oxu.az
Oxşar Xəbərlər