Cəmiyyət

Filmdən sonra...

24 Jun 2026, 15:00 2 baxış
Filmdən sonra...
"Bəzi qərarların bədəlini həyatınız boyu ödəyərsiniz". Bu cümləni eşidəndə ekrana baxmağı dayandırdım. Çünki bu, artıq filmin deyil, həyatın cümləsi idi. Hər kəsin ömrünün hansısa mərhələsində azı bir dəfə özünə verdiyi o məlum sual var: "Əgər başqa cür olsaydı?". Bu sualın cavabını - daha doğrusu, cavabsızlığını - film olaraq izləmək şansınız varmı? Bəlkə bu, öz həyatınız deyil, amma suallarınızın parçalarını, duyğu qırıntılarınızın əksini görə biləcəyiniz bir filmdir. Söhbət rejissor və ssenarist Celin Sonun debüt ekran işi olan "Past Lives" ("Keçmiş həyatlar") filmindən gedir. "A24" studiyasının istehsalı olan bu film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyaları da daxil olmaqla "Oskar" və "BAFTA"ya namizəd göstərilib. Onun niyə namizəd olduğunu anlamaq çətin deyil, amma ruhda necə dərin iz buraxdığını dərk etmək üçün onu mütləq izləmək lazımdır. Hekayə Seulda başlayır. Na Yiunq və Hae Sonq - uşaqlıqda hər gün məktəbdən evə birgə qayıdan, aralarında bəlkə sevgi, bəlkə dostluq, bəlkə də hər ikisinin qarışığı olan bir bağ mövcud iki uşaq... Sonra qız ailəsi ilə birgə Kanadaya, oradan isə Nyu-Yorka köçür və adını dəyişib Nora qoyur. Hae Sonq isə Koreyada qalır. Hər şey burada başlayır və hər şey burada bitir. Amma hekayə düz 24 il davam edir. Film boyu sosial şəbəkələrin uzaq məsafələrə qatdığı o ləzzətli həyəcanın şahidi oluruq - sanki açıq səma, çəhrayı rənglər, yazın ilk günəşinin istiliyi kimi... Bəzən isə internet kəsilir, görüntü donur, cümlələr yarımçıq qalır. Rejissorumuz Celin Son bu yarımçıq qalan cümlələri qəhrəmanın boğazında düyünə çevirməkdən çəkinmir. Saat fərqi, ayrı-ayrı qitələr və internet duyğuları bitirir, yoxsa həsrəti daha da alovlandırır? Hekayə irəlilədikcə bu suallarla baş-başa qalırsınız. Eyni kökdən qidalanan iki meyvənin fərqli budaqlarda, fərqli günəş altında böyüməsi onlardan nələri aldı, onlara nələr qatdı? Bu, qazanc idi, yoxsa itki? Bunun cavabı 24 il sonra Nyu-Yorkda baş tutan ilk görüş səhnəsində, gözləriniz qarşısında öz-özünə açılır. Qreta Linin canlandırdığı Nora ilə Teo Yunun ifasındakı Hae Sonq o anda sadəcə iki nəfər deyil - onlar bir ömrün iki fərqli versiyasıdır. Bu film az, amma dərin dialoqlar üzərində qurulub. Sanki müəllif susaraq deyilməyən o boşluqları hər kəsin özünün doldurmasını istəyib. Ən son 12 yaşında gördüyünüz birini 24 il sonra qarşınızda tapsaydınız, ona qarşı hiss etdiklərinizin darıxmaq, torpaq həsrəti, o köklü bağlılıq, yoxsa sevgi olduğunu necə ayırd edərdiniz? Filmin ortasında yaranan bu sual insanı rahat buraxmır. Əgər həyatınızda öz duyğu dilinizi bircə dəfə də olsun müşahidə etmisinizsə, Qreta Li və Teo Yunun rolu oynamadığını, onu hər bir mikroəzələsi ilə yaşadığını görə bilərsiniz. Məhz o zaman anlayırsınız ki, film ancaq bu aktyorlarla bu qədər güclü ola bilərdi. Başqa cür ola da bilməzdi. Belə bir aktyorluq məharəti sizə sadəcə film izlətmir; sizi qəhrəmanlarla eyni duyğu dalğasına köklənməyə, eyni paralel axında onları hiss etməyə sövq edir. Məncə, filmin ən təsirli anlarından biri Con Maqaronun canlandırdığı Arturun - yəni Noranın həyat yoldaşının bu hekayəyə daxil olduğu vaxtdır. O ana qədər "görünməyən" bu qəhrəmanımız birdən Noradan soruşur: "Əgər başqa cür olsaydı?". Bir sualın başqa insanların hekayəsini domino daşları kimi necə silkələyə biləcəyini məhz bu anda anlayırsınız. Bu, artıq sadəcə iki nəfərin hekayəsi deyil. Bu, iki insanın qərarları və həmin qərarların başqa həyatlardakı əks-sədasıdır. Artur mədəniyyət fərqinin doldura bilmədiyi boşluqları etiraf edəndə, o "görünməyən" qəhrəman birdən hekayənin mərkəzinə keçir və siz onun üçün də kədərləndiyinizi fərq edirsiniz. Bəzən keçmişdən gələn qonaq bizə yola çıxmazdan əvvəlki xəyallarımızı xatırlatmaq üçün gəlir. Bəzən isə anlayırsan ki, uğrunda hər şeyini qurban verdiyin o yolun içində arzularını unudub, tamam başqa cığırlarda azmısan. Seçimlərimiz bizi başqa insana çevirir - bu, bir həqiqətdir. Amma bu, keçmişimizdəki "biz"in mövcud olmadığı mənasına gəlmir. Orada yaşananlar da, hiss edilənlər də gerçək idi. Bu yazını oxuyan hər kəsin həyatında mütləq "gedən" biri var. Yoxdursa, deməli, o gedən elə siz özünüzsünüz. Bu film gedənlərin, geridə qalanların, yaşananların və yaşana biləcək ehtimalların hekayəsidir. O, sadəcə iz qoymur, daxildə dərin bir boşluq yaradır. Bura qədər sizi də sual atəşinə tutduğumun fərqindəyəm. Amma inanın, film sizə daha çox sual verəcək. Bu ekrandan sonra da beyninizdə hələ çox cavabsız sual qalacaq və yenə özünüzdən soruşacaqsınız: "Əgər başqa cür olsaydı?.."
Mənbə oxu.az