Siyasət
Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". Oxu.Az-ın 24.kz-ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin baş vitse-prezidenti Eduard Ziqris ilə görüşü zamanı məlumat verib. Məlumata görə, bundan əlavə, Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsi və Azərbaycanla birgə dəniz dibinin dərinləşdirilməsi layihələri işə salınıb. Həmçinin Kurık limanının modernləşdirilməsi kimi böyük infrastruktur layihələri də həyata keçirilir. Qeyd edildiyinə görə, konteynerlərin sayının artırılmasına xüsusi diqqət yetiriləcək ki, bu da yük dövriyyəsinin artmasına töhfə verəcək. Kasım-Jomart Tokayev qeyd edib ki, Orta Dəhlizin inkişafı hazırda strateji prioritetlərdən biridir. Onun sözlərinə görə, bu cür layihələr bu marşrutun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və Asiya ilə Avropa arasında yük dövriyyəsinin artmasına kömək edəcək.
Mənbə
oxu.az