Kriminal

Dənizdə batan Pərviz Məcidovun atası: "Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub"

24 Jun 2026, 00:24 1 baxış
Dənizdə batan Pərviz Məcidovun atası: "Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub"
İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. Oxu.Az xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"a açıqlamasında bildirib ki, oğlu üzməyi bilməyib. Onun sözlərinə görə, sonuncu dəfə Pərviz dayısı Namiq Əzimov, həmçinin qohumları Elnur və Elmarla birlikdə dəniz kənarında kabab bişiriblər. Onlar spirtli içki qəbul etməyiblər. Bundan əlavə, Namiqin iki azyaşlı övladı da onların yanında olub. Yeməkdən sonra Elnur Məcidov qayalıq ərazidə dənizə girib. Bir müddət sonra boğulmağa başlayıb. Bunu görən gənclər kömək üçün ataları Namiqə müraciət ediblər. Dərhal Pərviz və Elmar Elnuru xilas etmək üçün suya giriblər. Lakin onlar da müvazinətlərini itirərək boğulmağa başlayıblar. Hər üç şəxsi xilas edəcəyi ümidi ilə Namiq də suya baş vurub. Nəticədə dörd nəfərin hamısı dənizdə boğulub. Zöhrab Məcidov bildirib ki, onun dörd övladı var və Pərviz övladlarının ən böyüyü idi: "Onun çox arzuları vardı…" Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib ki, qurumun əməkdaşlarından ibarət üç axtarış qrupu hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Onun sözlərinə görə, ərazidə sualtı axınların müxtəlif istiqamətləri nəzərə alınaraq ətraf sulardakı xilasetmə məntəqələrinin dalğıc-xilasediciləri də axtarışlara cəlb olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər