Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
Təhsil haqqı artırılarkən bunun müqabilində universitetin infrastrukturunda, tədris keyfiyyətində və müəllim heyətinin təminatında ciddi dəyişikliklər olmalıdır. Müəllim-professor heyətinin gücləndirilməsi, gənc kadrların cəlb edilməsi, tələbələr üçün kitabxana, laboratoriya və digər imkanların yaxşılaşdırılması qiymət artımını müəyyən qədər əsaslandıra bilər. Lakin təkrar ali təhsil üzrə hüquq ixtisasında illik təhsil haqqının 7600 manata çatdırılması kifayət qədər yüksək məbləğdir.
Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə təkrar ali təhsilin ödənişinin artırılmasını şərh edərkən deyib.
Ekspert bildirib ki, ölkədə bəzi ali təhsil müəssisələrində təhsil haqları daha yüksək olsa da, vətəndaşların maddi imkanları nəzərə alınmadan müəyyən edilən məbləğlər təhsilin əlçatanlığına mənfi təsir göstərir:
“4500 və ya hətta 5500 manatlıq illik təhsil haqqını müəyyən qədər anlamaq mümkündür. Ancaq 7600 manat artıq çox yüksək göstəricidir. Xüsusilə nəzərə almaq lazımdır ki, təkrar ali təhsil almaq istəyən vətəndaşlar Təhsil Tələbə Krediti Fondundan yararlana bilmirlər və ödənişi öz vəsaitləri hesabına həyata keçirməlidirlər. Bu isə onların qarşısında əlavə maliyyə yükü yaradır.
Belə qiymətlər nəticəsində hüquq təhsili almaq istəyən sadə vətəndaşların imkanları məhdudlaşır. Bu məbləği ödəmək daha çox maddi imkanı yüksək olan şəxslər üçün əlçatandır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya yüksək gəlirə malik insanlar bu ödənişi edə bilərlər. Orta statistik vətəndaş üçün isə 7600 manatlıq təhsil haqqını ödəmək kifayət qədər çətindir. Təhsil hər kəs üçün əlçatan olmalıdır və qiymətlər müəyyən edilərkən vətəndaşların sosial vəziyyəti mütləq nəzərə alınmalıdır”.
Qeyd edək ki, Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə təkrar ali təhsilin illik ödənişi 5500 manatdan 7600 manata yüksəlib. Beləliklə, təhsil haqqı əvvəlki məbləğlə müqayisədə 2100 manat və ya təxminən 38 faiz artıb.