Cəmiyyət

Fərhad Abdullayev: "Süni intellektin inkişafı insan hüquqları standartları çərçivəsində qiymətləndirilməlidir"

18 Jun 2026, 11:22 2 baxış
Fərhad Abdullayev: "Süni intellektin inkişafı insan hüquqları standartları çərçivəsində qiymətləndirilməlidir"
"Müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərməkdədir" . Oxu.Az-ın məlumatına görə, bunu "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O bildirib ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib: "Bu proses, bir tərəfdən, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, məlumatların operativ emalı, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və ictimai idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Digər tərəfdən isə, şəxsi məlumatların qorunması, hüquqi məsuliyyətin müəyyən edilməsi, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışları meydana çıxarır. Məhz bu səbəbdən süni intellektin inkişafı və tətbiqi məsələsi hüquqi dövlət prinsipləri, konstitusion təminatlar və beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməlidir". F.Abdullayev bildirib ki, bu yanaşma Azərbaycan Respublikası konstitusion hüquq sistemində də öz əksini tapıb: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilib. Bu gün Azərbaycan Respublikasında süni intellekt sahəsində həyata keçirilən siyasət dövlətin rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" ölkəmizdə bu sahənin inkişafına dair vahid strateji baxışı müəyyən etmişdir. Strategiyada süni intellekt ekosisteminin formalaşdırılması, innovasiyaların təşviqi, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və etik-hüquqi çərçivənin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu sənəd yalnız texnoloji tərəqqiyə yönəlmiş proqram xarakterli sənəd deyil, eyni zamanda insan hüquqlarının, şəffaflığın, hesabatlılığın və insan nəzarəti prinsipinin qorunmasını əsas götürən müasir idarəetmə fəlsəfəsinin təzahürüdür. Bu baxımdan strategiya Azərbaycanın qlobal rəqəmsal transformasiya proseslərinə inteqrasiyasını təmin etməklə yanaşı, süni intellektin insan mərkəzli, təhlükəsiz və məsuliyyətli inkişafı üçün möhkəm hüquqi və institusional zəmin yaradır. Bu baxımdan, süni intellekt texnologiyalarının tətbiqində başlıca meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir. İnsan hüquqlarına təsir edən hər bir texnoloji mexanizm qanunçuluq, legitim məqsəd, proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun fəaliyyət göstərməlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər