Bakı-Şımkent reysi Avropa istiqamətlərinə çıxışı genişləndirir...
Bakı–Şımkent–Bakı marşrutu Şımkentdən olan sərnişinlərə Bakı üzərindən AZAL-ın Avropa və digər beynəlxalq istiqamətlərinə geniş çıxış imkanı yaradacaq.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Mərkəzi Asiya üzrə satış nümayəndəsi Xəyal Qədimzadə Şımkentdə turizm operatorları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, yeni aviareys təkcə iki şəhər arasında birbaşa əlaqə yaratmır, həm də tranzit imkanlarını genişləndirir.
“AZAL hazırda 70-dən çox istiqamət üzrə uçuşlar həyata keçirir və sərnişinlər Bakı vasitəsilə Avropa, Yaxın Şərq və digər regionlara rahat şəkildə səyahət edə bilirlər. Bu baxımdan Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas aviasiya qovşaqlarından biri kimi çıxış edir”.
X.Qədimzadənin sözlərinə görə, Şımkent reysinin “Embraer” tipli təyyarələrlə icra olunması Azərbaycan və Qazaxıstan arasında sərnişindaşıma, turizm və işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək.
O əlavə edib ki, uçuş cədvəli sərnişinlərin AZAL-ın Avropa şəhərlərinə reysləri ilə rahat bağlantı qurmasına şərait yaradır və Berlin, Milan, Paris, Praqa kimi istiqamətlərə səfərlər üçün əlavə imkanlar açır.