Cəmiyyət

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...

13 Jun 2026, 16:23 2 baxış
80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...

Yay aylarında ən çox yeyilən məhsullardan biri olan dondurma ilə bağlı ciddi suallar gündəmdə qalır. Bu gün marketlərdə 80 qəpikdən 7-9 manata qədər dəyişən qiymətlər istehlakçıların seçim qarşısında tərəddüd etməsinə səbəb olur. Eyni məhsul kateqoriyası daxilində bu qədər kəskin qiymət fərqi dondurmanın tərkibi və hazırlanma üsulu barədə şübhələri artırır.


Axar.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan qida eksperti Fərid Səfərov dondurmanın keyfiyyətini müəyyən edən əsas göstəricinin qiymət deyil, məhsulun tərkibi olduğunu bildirib.


“Dondurmanın keyfiyyətini qiymətləndirərkən ilk növbədə qiymətə deyil, məhsulun tərkibinə diqqət yetirmək lazımdır. Keyfiyyətli dondurmalarda əsasən süd, qaymaq, kərə yağı və təbii dadlandırıcılar istifadə olunur. Tərkibində çoxlu bitki yağları, süni aromatlar, rəngvericilər və müxtəlif qatqılar olan məhsullar isə daha aşağı keyfiyyətli hesab edilə bilər.


80 qəpik-1 manatlıq dondurmalarla 9 manatlıq məhsullar arasındakı əsas fərq adətən istifadə olunan xammalın keyfiyyəti, süd və yağ nisbəti, istehsal texnologiyası və brend amili ilə bağlı olur. Bahalı dondurmalar daha çox təbii süd məhsullarından hazırlanır, meyvə və ya şokolad əlavələri daha keyfiyyətli olur. Bununla belə, yüksək qiymət hər zaman daha sağlam və ya daha faydalı məhsul demək deyil. Bəzən qiymətə qablaşdırma, marketinq və brend dəyəri də təsir göstərir”, - F.Səfərov vurğulayıb.


Ekspert qeyd edib ki, dondurma seçərkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir:


“Dondurma alarkən onun formasına da diqqət etmək lazımdır. Əgər məhsul əriyib yenidən donubsa, üzərində buz kristalları yaranıbsa və ya qablaşdırması deformasiyaya uğrayıbsa, onu almaq məsləhət deyil. Bu, saxlanma temperaturunun pozulduğunu göstərə bilər və həm keyfiyyətə, həm də təhlükəsizliyə mənfi təsir edə bilər.


Yay aylarında dondurma gündəlik qida rasionunda yer ala bilər, lakin miqdara diqqət etmək şərtilə. Xüsusilə şəkər və kalori miqdarı yüksək olan dondurmaların hər gün böyük porsiyalarla istehlakı artıq çəki, qan şəkərinin yüksəlməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Sağlam insan üçün kiçik porsiyada dondurmanın ara-sıra və ya ölçülü şəkildə gündəlik rasiona daxil edilməsi mümkündür. Uşaqlarda, şəkərli diabeti olanlarda və artıq çəkidən əziyyət çəkən şəxslərdə isə seçim və porsiya ölçüsünə daha diqqətli yanaşmaq lazımdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər