Cəmiyyət

Pavel Piskaryov: "Bakı Milandan daha zəngindir və inkişaf edir"

13 Jun 2026, 15:24 3 baxış
Pavel Piskaryov: "Bakı Milandan daha zəngindir və inkişaf edir"
"Bu auditoriya ən müasir tendensiyaları anlayır. Bu baxımdan, əgər haradasa belə bir fikir varsa ki, Fransadan o tərəfdə yerləşən hər şey köhnəlmiş dünyadır, məncə, burada tam əksinədir. Sanki Asiya, Qafqaz və hazırda bizim olduğumuz bu məkan dünyanın çiçəkləndiyi bir ərazidir". Bu sözləri "Nine Senses Fest 2026" festivalının ikinci günündə Oxu.Az-a açıqlamasında neyroqrafika metodunun müəllifi Pavel Piskaryov deyib. Onun fikrincə, bu cür beynəlxalq festivallar müxtəlif mədəniyyətlərdən olan insanların birləşməsində vacib rol oynayır: "Çünki insanlar siyasətçilərin qəbul etdiyi qərarlar sayəsində deyil, ilk növbədə bir-biriləri ilə ünsiyyət quraraq birləşirlər. Buna xalq diplomatiyası deyilir. Burada dillərin, insanların, yaş qruplarının, mədəniyyətlərin və dinlərin bir araya gəlməsi əslində məhz belə olmalıdır. Mən baxışlarında şüur olan, simalarında saflıq görünən insanları görürəm. İnsanları məhz belə görmək istərdim - sağlam və saf insanları". Şüurluluq və yaradıcılığın insana necə kömək etdiyindən bəhs edən müəllif bildirib ki, əgər şüur yoxdursa, sən kim olduğunu, harada olduğunu, nə etdiyini və niyə etdiyini anlamırsan: "Yaradıcılıq isə istənilən problemin həll yoludur. Çünki xüsusilə müasir dünyada, yeni çağırışların, yeni vəzifələrin, yeni texnologiyaların ortaya çıxdığı, insanların və nəsillərin sürətlə dəyişdiyi bir dövrdə problemləri həll etməyin başqa yolu yoxdur. Əgər yaradıcılıq yoxdursa, sən dərhal köhnəlirsən. Buna görə də yaradıcılıq problemlərin həllinin yeganə yoludur". Pavel Piskaryov neyroqrafikanın insana necə kömək etdiyindən də bəhs edib: "Neyroqrafika hər cəhətdən insana kömək edir, o dünyanı təsvir edən universal bir dildir. Bu, qrafik bir dildir və sənin hansı dildə danışmağın önəmli deyil. Əsas olan odur ki, Yer üzündə bütün insanların gözləri eyni şəkildə görür. Bu mənada neyroqrafika insanların bir-birini anladığı, eyni zamanda, insanın özü ilə razılığa gələ bildiyi bir dildir. Sənin gördüklərini və hiss etdiklərini sözlərə və hərflərə çevirməyinə ehtiyac yoxdur. Sadəcə bu dillə işləyirsən və daxili, xarici, insanlarla bağlı və ya istənilən başqa məsələləri həll edirsən. 15 ildən sonra ilk dəfə Bakıya səfər edən Pavel Piskaryov paytaxt barədə təəssüratlarını bölüşərək qeyd edib ki, Bakı Milandan daha zəngindir: "Mənim hisslərim və gördüklərim əsasında formalaşan təsəvvürüm budur ki, bu şəhər sanki sübh çağını yaşayan bir şəhərdir. Görürəm ki, şəhər inkişaf etməyə davam edir, hər yerdə tikinti işləri gedir. Hesab edirəm ki, qarşıdakı 15 il ərzində burada əsl cənnətə bənzər bir məkan yaranacaq. Bura qızım ilə gəlmişəm. O, mənə baxıb deyir ki, burada hər şey təhlükəsizdir, digər tərəfdən isə hər şey çox gözəldir. Deməli, onun üçün burada həm gözəllik, həm də təhlükəsizlik var. Bir qıza bundan başqa nə lazımdır ki? Burada bir tərəfdən dərin ənənələri qoruyan, yaşa və statusa hörmət edən, qarşılıqlı ehtiramı yüksək olan insanlar çoxdur. Digər tərəfdən isə yeni, metamodern münasibətlər, mənəviyyat və söz azadlığı açıq şəkildə hiss olunur. Həmçinin həm azadlıq duyğusu, həm də ənənələrlə bağlılıq var".
Mənbə oxu.az

Oxşar Xəbərlər