Cəmiyyət

Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA

09 Jun 2026, 18:02 3 baxış
Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA
Dünyada milyardlarla insanın istifadə etdiyi sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və öyrənməyə misilsiz imkanlar yaradıb. Lakin elə həmin bu sosial şəbəkələr uşaqlar üçün görünməyən risklər formalaşdırıb. Onlayn zorakılıq, zərərli məzmunlar, rəqəmsal asılılıq, kibertəhdidlər, psixoloji təzyiqlər və hətta cinayətkar şəbəkələrin fəaliyyətləri artıq qlobal miqyasda uşaqların təhlükəsizliyinə yönələn əsas çağırışlardan hesab olunur. Məhz buna görə son illərdə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Avstraliya, Fransa, Böyük Britaniya, İspaniya, ABŞ və Çin kimi ölkələr sosial şəbəkələrə qoşulma yaşının tənzimlənməsindən tutmuş yaşın təsdiqlənməsi mexanizmlərinə, valideyn nəzarətindən platformaların hüquqi məsuliyyətinin artırılmasına qədər müxtəlif addımlar atırlar. Səbəb sadədir: texnologiya inkişaf etdikcə uşaqların qorunmasına dair yanaşmalar da dəyişməlidir. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmır. Milli Məclisdə iyunun 8-də müzakirə olunan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliklər məhz bu məqsədə - uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Müzakirələrin mərkəzində isə bir sual dayanır: sürətlə rəqəmsallaşan dünyada uşaqları necə qorumalıyıq? Bu sual ətrafında fikir ayrılıqları olsa da, dəyişməyən bir həqiqət var: hər bir cəmiyyətin gələcəyi onun uşaqlarıdır. Ailə kiçik dövlət, dövlət isə böyük ailədirsə, o zaman uşaqların təhlükəsizliyi təkcə valideynlərin deyil, bütövlükdə cəmiyyətin və dövlətin məsuliyyətidir.
Dünya ölkələri hansı tədbirləri görür? Beynəlxalq təcrübəyə nəzər saldıqda, müxtəlif ölkələrin uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi üçün fərqli mexanizmlər tətbiq etdiyi görünür. Avstraliya 2024-cü ilin noyabrında 16 yaşdan aşağı şəxslərin sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanun qəbul edən ilk ölkə olub. "Online Safety Act" çərçivəsində platformalar zərərli məzmunun yayılmasına görə milyonlarla dollar məbləğində cərimələrlə üzləşə bilər. Fransada isə 2023-cü ildə qəbul edilən Rəqəmsal Yetkinlik Yaşı Aktına əsasən, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdə hesab yaratmaq üçün valideyn razılığı almalıdırlar. Eyni zamanda platformalardan yaşın təsdiqlənməsi üçün texnoloji mexanizmlərdən istifadə tələb olunur. Aparılan müşahidələr qanunun tətbiqindən sonra 11-14 yaş qrupunda sosial media istifadəsinin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir. İspaniyada uşaqların onlayn müdafiəsi sahəsində qanunvericiliyini sərtləşdirərək sosial media platformalarına qoşulmaq üçün minimum yaş həddini 16 olaraq müəyyən edib. Bu qərarın qəbulunda sosial media təzyiqi və onlayn zorakılıqla əlaqələndirilən bir sıra faciəli hadisələrin mühüm rol oynadığı bildirilir. Böyük Britaniyada qüvvədə olan "Age Appropriate Design Code" qaydaları isə texnologiya şirkətlərini uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmağa məcbur edir. Bu çərçivədə azyaşlı istifadəçilərin məxfilik səviyyəsinin maksimum qorunması, geolokasiya məlumatlarının paylaşılmaması və hesablara icazəsiz girişlərin qarşısının alınması əsas tələblər sırasındadır. ABŞ-də isə məsələ həm federal, həm də ştat səviyyəsində tənzimlənir. Bir sıra ştatlarda 14 və ya 16 yaşdan kiçik uşaqların sosial media istifadəsinə məhdudiyyətlər tətbiq olunub. Çində isə daha sərt yanaşma seçilərək azyaşlıların müəyyən saatlardan sonra onlayn oyunlar və bəzi rəqəmsal xidmətlərdən istifadəsinə məhdudiyyət qoyulub, platformalarda real adla qeydiyyat sistemi tətbiq edilib. İtaliya 2023-2024 dövründə yaş doğrulama (age verification) sistemlərini gücləndirib və sosial şəbəkələr üçün minimum yaş məhdudiyyətlərini daha sərtləşdirib. Xüsusilə 14 yaşdan aşağı istifadəçilər üçün valideyn icazəsi tələb olunur. Platformalara yaş yoxlama texnologiyaları tətbiq etmək öhdəliyi verilib. Niderlandda uşaqların rəqəmsal təhlükəsizliyi Data Protection Authority (Autoriteit Persoonsgegevens) tərəfindən ciddi nəzarət altındadır. Uşaqlar üçün şəxsi məlumatların toplanması məhdudlaşdırılıb. Sosial media platformaları "uşaq yönümlü dizayn" prinsiplərinə uyğun işlənir. Norveçdə uşaqların onlayn məxfiliyi və reklam hədəflənməsi ilə bağlı ən sərt ölkələrdən biridir. 13 yaşdan aşağı uşaqlara reklam yönləndirilməsi qadağandır. Həmçinin sosial platformalarda uşaqların profil məlumatlarının kommersiyalaşdırılması məhdudlaşdırılıb. Kanadada uşaqların onlayn təhlükəsizliyi Digital Charter Implementation Act çərçivəsində tənzimlənir. Platformalara daha güclü məsuliyyət və şəffaflıq öhdəlikləri qoyulub. Bu ölkədə də uşaqların məlumatlarının qorunması xüsusi prioritetdir.
Rəqəmsal dünya uşaqların sağlamlığını necə dəyişir? Statistik göstəricilər göstərir ki, problem artıq fərdi davranış səviyyəsindən çıxaraq qlobal miqyaslı ictimai sağlamlıq və sosial inkişaf məsələsinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat və qiymətləndirmələrinə əsasən, 13-17 yaş aralığında olan yeniyetmələrin böyük əksəriyyəti sosial media platformalarından aktiv istifadə edir və onların mühüm bir hissəsi gündəlik olaraq uzun müddət rəqəmsal mühitdə keçirir. Bu tendensiya yalnız kommunikasiya davranışlarında dəyişiklik deyil, eyni zamanda uşaqların gündəlik rejimi, yuxu saatları, diqqət davamlılığı və sosial münasibətlərinə birbaşa təsir edən struktur dəyişiklik kimi dəyərləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mövqeyinə görə, rəqəmsal texnologiyalardan həddindən artıq və nəzarətsiz istifadə uşaqlar və yeniyetmələr üçün potensial risk faktorudur. Təşkilat xüsusilə qeyd edir ki, sosial media və rəqəmsal platformalar üzərində qurulan "davamlı stimullaşdırma" mexanizmləri beynin mükafatlandırma sistemini aktivləşdirərək davranış asılılığı yarada bilər. Bu proses dopamin ifrazı ilə əlaqəli neyrobioloji reaksiyalar vasitəsilə formalaşır və uzunmüddətli istifadə hallarında diqqət pozuntusu, emosional qeyri-sabitlik və asılılıq davranışlarını gücləndirə bilir. Bununla yanaşı, müxtəlif beynəlxalq elmi araşdırmalar sosial şəbəkələrdən intensiv istifadənin psixoloji sağlamlıqla bağlı bir sıra risk faktorları ilə əlaqəsini göstərir. Xüsusilə depressiv əlamətlər, təşviş pozuntuları, özünəinamın zəifləməsi və sosial təcrid hissi kimi problemlərin artması, ekran qarşısında keçirilən vaxtın çoxluğu ilə paralel şəkildə müşahidə olunur. Bu təsirlər yeniyetmə yaş dövründə, yəni şəxsiyyətin formalaşdığı həssas mərhələdə daha kəskin şəkildə özünü göstərə bilir. Digər tərəfdən, beynəlxalq təşkilatların hesabatları göstərir ki, uşaqlara qarşı onlayn istismar, kibertəhlükələr və rəqəmsal zorakılıq hallarının əhəmiyyətli bir hissəsi sosial media platformaları vasitəsilə baş verir. Açıq şəbəkə mühiti, anonimlik imkanları və qlobal əlçatanlıq bu risklərin miqyasını daha da genişləndirir. Bu səbəbdən də bir çox ölkələr rəqəmsal platformalarda yaş doğrulama sistemləri, valideyn nəzarəti mexanizmləri və platforma məsuliyyətini artıran hüquqi çərçivələr tətbiq etməyə başlayıblar. ÜST artıq bir neçə ildir ki, rəqəmsal asılılıq və xüsusilə "gaming disorder" (oyun asılılığı) anlayışını rəsmi olaraq xəstəliklər təsnifatına daxil edib. Bu qərar, rəqəmsal davranış pozuntularının yalnız sosial vərdiş deyil, tibbi və psixoloji müdaxilə tələb edən bir sağlamlıq problemi kimi tanınmasının göstəricisidir. ÜST eyni zamanda dövlətlərə və səhiyyə sistemlərinə uşaqlar və yeniyetmələr üçün ekran vaxtının tənzimlənməsi, rəqəmsal gigiyena vərdişlərinin formalaşdırılması və profilaktik maarifləndirmə proqramlarının genişləndirilməsi ilə bağlı tövsiyələr verir. Bütün bu elmi və statistik yanaşmalar göstərir ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi artıq yalnız hüquqi tənzimləmə məsələsi deyil. Bu, ictimai sağlamlıq, təhsil sistemi, ailə institutunun dayanıqlılığı və gələcək nəsillərin psixoloji rifahı ilə birbaşa bağlı olan kompleks və strateji əhəmiyyətli bir məsələ kimi qiymətləndirilməlidir.
Azərbaycanda vəziyyət necədir? Son illərdə Milli Məclis tərəfindən uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Müzakirə olunan qanun layihəsi də həmin siyasətin davamı olmaqla yanaşı, uşaqların onlayn məkanda müdafiəsi sahəsində yeni mərhələnin başlanğıcı hesab edilir. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, qanun layihəsində təklif edilən əsas müddəalar uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına yönəlmiş kompleks müdafiə mexanizmi kimi çıxış edir: "Layihənin başlıca məqsədi 16 yaşına qədər şəxslərin sosial şəbəkə platformalarının potensial zərərli təsirlərindən - o cümlədən psixoloji və fiziki sağlamlığa mənfi təsir göstərə bilən məzmunlardan, eləcə də kibertəhdid, onlayn zorakılıq (bulinq), manipulyativ yönləndirmə və digər risklərdən qorunmasını təmin etməkdir. Bu çərçivədə uşaqların yetkinlik yaşına qədər sosial şəbəkə platformalarına tam və ya müstəqil girişinin təxirə salınması əsas yanaşma kimi təqdim olunur". Deputat bildirib ki, təklifə əsasən, Azərbaycanda sosial media platformalarından istifadə üçün minimum yaş həddi 16 olaraq müəyyən edilir. Bu yanaşmanın mahiyyəti qadağa xarakteri daşımır, əksinə, uşaqların inkişaf dövründə daha təhlükəsiz mühitdə formalaşmasını təmin edən müdafiə tədbiri kimi qiymətləndirilir: "Eyni zamanda vurğulanır ki, dövlət müxtəlif sahələrdə - o cümlədən siqaret, alkoqol, müəyyən növ məhsullar və məzmunlara çıxışla bağlı yaş məhdudiyyətləri tətbiq etdiyi kimi, rəqəmsal mühitdə də analoji qoruyucu mexanizmləri həyata keçirir. Layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə fərdi hesab açması məhdudlaşdırılır. Bu mexanizmin icrası üçün platforma provayderləri yaşın təsdiqlənməsini təmin edən texniki vasitələri - mobil nömrə, elektron poçt və digər identifikasiya üsullarını - tətbiq etməyə borclu olacaqlar". Z.Oruc onu da deyib ki, 16-18 yaş aralığında olan yeniyetmələr üçün isə daha çevik, lakin nəzarət mexanizmləri ilə müşayiət olunan sistem nəzərdə tutulur: "Bu yaş qrupuna aid şəxslər sosial şəbəkə hesabı yarada bilsələr də, proses yalnız qanuni nümayəndənin (valideyn və ya qəyyumun) razılığı əsasında mümkün olacaq. Layihədə həmçinin platformaların dizayn və istifadə mexanizmlərinə dair mühüm tələblər də yer alır. Belə ki, 16-18 yaş qrupuna yönəlik hesab və interfeyslərdə istifadəçiləri platformada daha uzun müddət saxlamağa xidmət edən "sonsuz sürüşdürmə", avtomatik video oynatma kimi manipulyativ dizayn elementlərinin tətbiqi məhdudlaşdırılır. Bu yanaşma texnoloji şirkətlərin uşaqların diqqət və davranışlarını kommersiya məqsədi ilə yönləndirməsinin qarşısının alınmasına xidmət edir. Bundan başqa, fərdi məlumatların qorunması xüsusi olaraq tənzimlənir". Komitə sədri qanunvericiliyin tələblərinə əməl etməyən hüquqi və vəzifəli şəxslər üçün inzibati məsuliyyət və cərimə mexanizmləri nəzərdə tutulduğunu da vurğulayıb: "Bu, normanın icra mexanizminin real təsir gücünü artıran əsas elementlərdən biri kimi çıxış edir. Ümumilikdə, təklif edilən dəyişikliklər Azərbaycanın beynəlxalq uşaq hüquqları üzrə öhdəlikləri ilə uyğunluq təşkil etməklə yanaşı, rəqəmsal mühitdə dövlət tənzimlənməsinin gücləndirilməsinə, platforma məsuliyyətinin artırılmasına və ailə institutunun uşaqlar üzərində hüquqi rolunun möhkəmləndirilməsinə xidmət edir".
Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğu Azərbaycanda 10-17 yaş aralığındakı uşaqların 89 faizinin smartfon istifadəçisi olduğunu göstərib. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir - yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, Azərbaycanda 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı (televiziya, telefon və müxtəlif qadjetlərə baxmağın ümumi vaxtı - red) ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir. Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir. Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib. 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87,3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir, 11,1 % təkliflə razılaşmır, 1,6 % bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90,5 %-i təklifə müsbət yanaşır. Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69,1 %), "WhatsApp" (47,9 %) və "TikTok" (33 %) qərarlaşır.
Bakı sakinləri də "Report"a açıqlamalarında uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı fərqli fikirlər səsləndiriblər. Ümumilikdə isə valideyn nəzarəti və müəyyən məhdudiyyətlərin vacibliyi önə çəkilib. Bir qrup sakin hesab edir ki, 16 yaşa qədər uşaqlara sosial şəbəkənin qadağan edilməsi yaxşı olar çünki onların başqa məşğuliyyəti yoxdur, valideynləri eşitmirlər, fikirləri ancaq telefonda, sosial şəbəkələrdədir. Digər bir sakin isə qadağadan çox istifadə mədəniyyətinin önəmli olduğunu bildirərək qeyd edib ki, sosial şəbəkəni necə istifadə etməkdən çox şey asılıdır və övladlarının da bu platformalardan faydalı məlumatlar aldığını deyib. Eyni zamanda bəzi valideynlər daha sərt nəzarət tədbirlərini dəstəkləyir. Sakinlərdən biri bildirib ki, uşaqların çoxu dərsləri ilə maraqlanmır və buna görə evdə məhdudiyyət tətbiq edərək övladlarının sosial şəbəkəyə yalnız həftədə bir dəfə və yarım saat daxil olmasına icazə verir. Digər bir baxışa görə, uşaqlar sosial şəbəkədən həm faydalı, həm də zərərli şəkildə istifadə edə bilirlər: "Uşaqlar sosial şəbəkədən faydalı yöndə də istifadə edə bilərlər. Lakin bunun alqoritmdən və valideyn nəzarətindən asılıdır".
Virtual "təhlükə"nin bir addımlığında Uşaqlar və yeniyetmələrin dost çevrəsi, ünsiyyət forması, hətta özünüifadə vasitələri getdikcə daha çox virtual mühit üzərindən qurulur. "Rəqəmsal dostluq" anlayışı isə ilk baxışda zərərsiz görünsə də, real sosial bacarıqların zəifləməsi, emosional bağlılıqların səthiləşməsi və manipulyasiyaya açıq psixoloji mühitin formalaşması kimi risklər yaradır. Bu isə gələcək nəsillərin davranış modelinə birbaşa təsir edən amildir. Ən narahatedici məqamlardan biri isə nəzarətsiz alqoritmlərin təsiridir. Sosial media platformaları istifadəçini platformada daha uzun saxlamaq üçün aqressiv, şokedici və emosional yüklü məzmunu daha çox önə çıxarır. Bu isə xüsusilə uşaqlar üçün təhlükəli bir informasiya dövriyyəsi yaradır. Onlar fərqinə varmadan zorakılıq, nifrət dili, qeyri-etik davranışlar və hətta intihara təşviq edən kontentlə qarşılaşır və bu məzmun zamanla normallaşmağa başlayır. Anonimlik uzun müddət internetin "azadlıq zonası" kimi təqdim olunsa da, bu gün eyni anonimlik məsuliyyətsizliyin və aqressiyanın əsas qidalandırıcı mənbələrindən birinə çevrilib. VPN vasitəsilə məhdudiyyətlərin aşılması, saxta hesablar, kimliyi bəlli olmayan istifadəçilərin yaratdığı təzyiq mühiti artıq tək-tək fərdlərin yox, bütövlükdə cəmiyyətin psixoloji sağlamlığına təsir edir. Bu baxımdan texniki nəzarət mexanizmlərinin gücləndirilməsi artıq seçim deyil, zərurət kimi görünür. Məhz buna görə rəqəmsal məzmunun daha sərt monitorinqi məsələsi artıq təkcə etik deyil, sosial təhlükəsizlik məsələsinə çevrilib. Uşaqların intihara sürüklənməsi, cinsi istismar riskləri, aqressiv davranışların təşviqi kimi hallar birbaşa rəqəmsal mühitlə əlaqələndirilir və bu əlaqə getdikcə daha açıq görünür. Bu fonda dövlətlərin passiv müşahidəçi mövqeyində qalması real risklər yaradır. Hər bir ölkə öz ictimai və siyasi reallıqlarına uyğun model seçsə də, ümumi yanaşma eynidir: rəqəmsal mühit artıq nəzarətsiz qala bilməz. Azərbaycan üçün isə əsas məsələ bu prosesləri kənardan izləmək yox, proaktiv mövqe tutmaqdır. Çünki məsələ təkcə texnologiya deyil - bu, gələcək nəsillərin düşüncə tərzi, davranış modeli və ümumilikdə cəmiyyətin təhlükəsizlik arxitekturası ilə bağlıdır. Rəqəmsal azadlıqların qorunması ilə təhlükəsizliyin təmin olunması arasında balans tapmaq çətin olsa da, artıq bu balansı axtarmaq yox, qurmaq vaxtıdır. Azərbaycanda da rəqəmsal mühitin tənzimlənməsi artıq nəzəri müzakirə mərhələsini geridə qoyaraq konkret addımlar müstəvisinə keçir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən fevralın 27-də imzalanmış sərəncamda uşaqların rəqəmsal mühitdə qorunması, zərərli məzmunun təsirinin minimuma endirilməsi və sosial şəbəkələrdə davranış qaydalarının müəyyən çərçivəyə salınması kimi məsələlər ön plana çıxarılıb. Sənəddə xüsusilə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı təşəbbüs diqqət çəkir. Bu addım uzun illərdir müzakirə olunsa da, praktik tətbiq mexanizmlərinin olmaması səbəbindən real nəticə vermirdi. Halbuki uşaqların yaşına uyğun olmayan məzmunla erkən yaşda qarşılaşması onların psixoloji formalaşmasına birbaşa təsir edir. Yaş təsdiqlənməsi mexanizmlərinin tətbiqi bu baxımdan sadəcə texniki filtr deyil, daha çox qoruyucu baryer funksiyası daşıyır. Sərəncamda əksini tapan digər məqamlar isə rəqəmsal mühitdə təhlükəsizliyin kompleks yanaşma tələb etdiyini göstərir. Burada təkcə məhdudiyyətlərdən deyil, eyni zamanda maarifləndirmə, valideyn nəzarəti və platformaların məsuliyyətinin artırılması kimi elementlərdən söhbət gedir. Çünki rəqəmsal risklər yalnız bir istiqamətdən idarə olunmur - bu, həm texnoloji, həm sosial, həm də davranış məsələsidir. Beləliklə, rəqəmsal platformaların təsir imkanları genişləndikcə, dövlətlərin bu sahəyə müdaxiləsi də qaçılmaz olur. Əsas məsələ isə bu müdaxilənin balanslı və məqsədyönlü şəkildə həyata keçirilməsidir - həm uşaqların qorunması təmin olunmalı, həm də rəqəmsal mühitin funksionallığı və açıq xarakteri qorunmalıdır.
Azərbaycanda atılacaq addımlar nəyi vəd edir? Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvü Könül Nurullayeva bildirib ki, yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısı aidiyyəti dövlət orqanı tərəfindən müəyyənləşdirəcək, bu barədə qərar ictimaiyyətə və sosial şəbəkə provayderlərinə çatdırılacaq: "Qanun pozuntuları baş verərsə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qanun pozuntuları üzrə müvafiq cərimələr nəzərdə tutulub. Əsasən sosial şəbəkə platformaları tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli və hüquqi şəxslər üzrə müxtəlif cərimələr nəzərdə tutulur. Hətta Məcəllənin müddəalarında nəzərə tutulmuş xətaların əvvəlki inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə daha yüksək məbləğlərdə cərimə nəzərdə tutulub. Bu gün uşaqların müdafiəsi üçün atılan tədbirlər gələcək nəsillərin sağlam, bilikli və təhlükəsiz cəmiyyətin üzvləri kimi formalaşmasına yönəlmiş mühüm investisiyadır. Əsas məqsəd texnologiyanın imkanlarından faydalanmaqla yanaşı, onun yaratdığı riskləri minimuma endirmək və sağlam rəqəmsal mühit formalaşdırmaqdır". Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər valideynlərin məsuliyyətini də ön plana çıxarır: "Uşaqların rəqəmsal mühitdə təhlükəsiz fəaliyyəti ilk növbədə ailədən başlayır. Valideynlər övladlarının internetdən və sosial şəbəkələrdən istifadəsinə nəzarət etməli, onları təhlükələr barədə məlumatlandırmalı və düzgün rəqəmsal davranış vərdişləri formalaşdırmalıdırlar. Yeni tənzimləmə çərçivəsində 16-18 yaş arası yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığının tələb olunması da ailənin bu prosesdə iştirakını gücləndirməyə xidmət edir". Deputat xatırladıb ki, uşaqların müdafiəsi Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir: "Bu səbəbdən ölkədə uşaqların sağlam inkişafı, onların hüquqlarının qorunması və təhlükəsiz mühitdə böyüməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun təmin edilməsini və eyni zamanda onları zərərli məlumatlardan qorumağı nəzərdə tutur. Hazırkı dəyişikliklər də həmin siyasətin davamı olaraq sosial şəbəkələrdə yaranan yeni çağırışlara cavab verməyə yönəlib. Beləliklə, rəqəmsal inkişaf siyasəti ilə uşaqların müdafiəsi siyasəti bir-birini tamamlayan istiqamətlər kimi həyata keçirilir".
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova açıqlamasında qeyd edib ki, qanun qəbul edildikdən sonra onun qüvvəyə minməsi dərc edildiyi gündən 12 ay sonra nəzərdə tutulur: "Yəni sənəd imzalandıqdan və rəsmi dərc olunduqdan 12 ay sonra qüvvəyə minir. Bununla belə, ümumi keçid dövrü təxminən bir il müddətini əhatə edə bilər. Bu müddət ərzində sosial şəbəkə və digər rəqəmsal xidmət provayderləri yeni tələblərlə bağlı məlumatlandırılacaq və uyğunlaşma üçün hazırlıq işlərinə başlayacaqlar. Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesabların istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək". Şöbə müdiri bir məsələyə də aydınlıq gətirib ki, bəyan edilən yaşla bağlı şübhələr yarandıqda təkrar yaş yoxlanmasının həyata keçirilməsi də nəzərdə tutulur: "Provayderlərdən platformalarda istifadəçilərin davranışlarının mütəmadi şəkildə təhlil edilməsi tələb olunur. Hər hansı pozuntu halları aşkar edildikdə isə həmin şəxslərin hesablarına dərhal məhdudiyyət qoyulacaq. Bu proseslər üçün platformalarda müvafiq texniki imkanların yaradılması tələb olunur". Onun sözlərinə görə, qanun layihəsi yalnız yaş məhdudiyyəti ilə kifayətlənmir, eyni zamanda ölkə daxilində xidmət göstərən bütün provayderlərin fəaliyyəti ilə bağlı ciddi tələblər müəyyən edilir: "Xarici şirkət olmasından asılı olmayaraq, Azərbaycanda xidmət göstərən bütün platformalar hüquqi və ya fiziki şəxs kimi qeydiyyatdan keçməli, ölkə daxilində nümayəndəlik və əlaqə mərkəzi yaratmalı, müvafiq dövlət orqanlarına hesabatlar təqdim etməli və sorğuları cavablandırmalıdırlar. Bundan əlavə, fərdi məlumatların qorunması ilə bağlı ciddi öhdəliklər də müəyyən olunur".
Cərimələrdən trafik məhdudiyyətinədək Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, layihə ilə İnzibati Xətalar Məcəlləsinə tam yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur və burada əsas hüquqi öhdəlik və məsuliyyət birbaşa platforma provayderlərinin, yəni sosial şəbəkə sahiblərinin yaxud idarəçilərinin üzərinə qoyulur: "Əks olunan cərimə sanksiyaları kifayət qədər sərtdir. Belə ki, məlumat təqdim edilməməsi və ya təhrif edilməsinə görə vəzifəli şəxslər 6000-7000 manat, hüquqi şəxslər isə 20 000-30 000 manatadək cərimə edilə bilər. Sorğuların cavablandırılmamasına görə isə vəzifəli şəxslər 7000-8000 manat, hüquqi şəxslər isə 25 000-30 000 manatadək cərimə oluna bilər. Təhlükəsiz istifadə ilə bağlı tələblərin, daha dəqiq desək yaşın yoxlanılması, zərərli kontentin silinməsi və s. pozuntulara görə isə vəzifəli şəxslər 8000-9000 manat, hüquqi şəxslər isə 35 000-40 000 manatadək yüksək məbləğdə cərimə sanksiyaları ilə üzləşəcəklər. Həmçinin, xarici provayderlərin ölkədə filial və ya nümayəndəlik yaratmaq öhdəlikləri və buna əməl etmədikdə tətbiq olunacaq 100 min manatdan başlayaraq, internet trafikinin məhdudlaşdırılmasına qədər ciddi maliyyə sanksiyaları layihədə dəqiq tənzimlənib". Deputat qeyd edib ki, gözlənilən əsas dividendlərdən biri ilk növbədə kibertəhlükəsizlik və psixoloji sağlamlıq, uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan məzmunların qarşısı operativ şəkildə alınmasıdır: "Yaş məhdudiyyəti hansı sosial şəbəkələrə tətbiq ediləcəyinə gəlincə, layihədə "sosial şəbəkə platforması" anlayışına geniş və əhatəli hüquqi tərif verilib. Bura istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni, daha aydın desək, mətn, foto, video, audio və s. kütləvi şəkildə paylaşmaq imkanını təmin edən informasiya sistemləri daxildir. Lakin istisnalar da mövcuddur və təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması məqsədi daşıyan platformalar isə bu məhdudiyyətdən istisna edilir. Yəni məhdudiyyət sırf əyləncə və ümumi ünsiyyət xarakterli, uşaqların asılılıq yaradan alqoritmlərlə, üzləşdiyi populyar qlobal və yerli sosial şəbəkə platformalarına şamil olunacaq.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Kamran Kərimli uşaqların bəyan edəcəyi yaşın doğruluğunun nə dərəcədə düzgün olduğuna əmin ola bilmək üçün hansı vasitələrdən istifadə olunmalı olduğu barədə danışıb: "Yaş yoxlanılması müxtəlif texnoloji üsullarla həyata keçirilə bilər. Bura şəxsiyyət vəsiqəsi və ya digər rəsmi sənədlər vasitəsilə identifikasiya, rəqəmsal eyniləşdirmə (digital identity) sistemlərinin inteqrasiyası, biometrik yaş qiymətləndirmə texnologiyaları, valideyn razılığı və valideyn təsdiqi mexanizmləri, üçüncü tərəf yaş təsdiqləmə xidmətlərindən istifadə daxildir. Bununla yanaşı saxta məlumat təqdim edilməsi, digər şəxslərin məlumatlarından istifadə və texniki məhdudiyyətlər səbəbindən sistemdən yayınma halları mümkündür. Bu səbəbdən yaş yoxlanılması vahid həll kimi deyil, maarifləndirmə, valideyn nəzarəti, platforma məsuliyyəti və dövlət nəzarəti ilə birlikdə tətbiq olunan çoxsəviyyəli müdafiə mexanizmi kimi qiymətləndirilməlidir". Onun sözlərinə görə, uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqinin ilk növbədə onların fiziki, psixoloji və rəqəmsal təhlükəsizliyinin təmin olunması zərurətindən irəli gəlir: "Uşaqlar kibertəqib, kiberzorakılıq, zərərli məzmun, dezinformasiya, onlayn manipulyasiya, şəxsi məlumatların qanunsuz toplanması və istismarı kimi risklərə daha həssas qrup hesab olunurlar. Bundan əlavə, uşaqların yaş xüsusiyyətləri səbəbindən sosial şəbəkələrin alqoritmik təsirlərini, məlumat paylaşımının uzunmüddətli nəticələrini və rəqəmsal davranışların risklərini tam şəkildə qiymətləndirmək qabiliyyətləri məhduddur. Bu səbəbdən yaş məhdudiyyətləri uşaqların ən yaxşı maraqlarının qorunmasına yönəlmiş qabaqlayıcı mexanizm kimi nəzərdən keçirilir". Sosial şəbəkə platformalarının uşaqların təhlükəsizliyinin təmin olunmasında mühüm məsuliyyət daşıdıqlarını xatırladan ekspert bu məsuliyyətin yalnız etik deyil, bir çox yurisdiksiyalarda artıq hüquqi öhdəlik xarakteri daşımağa başladığını diqqətə çatdırıb: "Platformalar tərəfindən valideyn nəzarəti alətləri, məxfilik parametrlərinin standart olaraq yüksək səviyyədə qurulması, zərərli məzmunun filtrasiyası, yaş məhdudiyyətləri və şikayət mexanizmləri kimi müxtəlif tədbirlər həyata keçirilir. Lakin mövcud təcrübə göstərir ki, bu tədbirlər tam yetərli hesab edilmir. Yaşın özünü bəyan etmə prinsipi əsasında müəyyənləşdirilməsi, alqoritmlərin bəzən uşaqlara uyğun olmayan məzmun tövsiyə etməsi və nəzarət mexanizmlərinin effektivliyindəki boşluqlar əlavə tədbirlərin görülməsini zəruri edir. Buna görə də platformaların məsuliyyəti ilə yanaşı dövlət tənzimləməsi və valideyn nəzarəti də vacib elementlər hesab olunur".
Rəqəmsal asılılığın uşaqların psixikasına təsiri Psixoloq, psixoterapevt Elmir Əkbər açıqlamasında cinayət törədən, cinayətin qurbanı olan və ya ciddi psixoloji çətinlik yaşayan uşaqların böyük əksəriyyətinin heç vaxt psixoloji müayinə və ya psixoterapiya dəstəyi almadığını diqqətə çatdırıb: "Son dövrlərə baxsaq, cinayət törədən uşaqların nə hamısı imkansız ailələrdəndir, nə də hamısı imkanlı ailələrdən. Deməli, problem sosial təbəqədən asılı deyil. Müxtəlif ailə mühitlərində eyni tip problemlər ortaya çıxır. Ona görə valideynlər daha diqqətli olmalı, övladları ilə münasibəti inam və səmimiyyət üzərində qurmalıdırlar ki, uşaq sosial şəbəkədə rast gəldiyi mənfi halları və ya yaşadığı problemləri gizlətmək əvəzinə valideyni ilə bölüşə bilsin. Bəzən görürük ki, sosial şəbəkələr və bəzi onlayn oyunlar yeniyetmələrə mənfi təsir göstərir. Hətta bəzi hallarda bu təsir o qədər güclü olur ki, gənclər və yeniyetmələr intihar kimi faciəvi addımlara gedirlər". Onun fikrincə, bu hadisələrin baş verməsinin əsas səbəbi düzgün psixoloji yanaşmanın olmamasıdır. "Valideynlər mütləq şəkildə övladlarının həm sosial şəbəkədəki, həm də real həyatda davranışlarını diqqətlə izləməli və düzgün istiqamətləndirməlidirlər. Təəssüf ki, bu, bütün ailələrdə eyni səviyyədə müşahidə olunmur. Valideynlə övlad arasında səmimi ünsiyyət hər yerdə formalaşmayıb və bu, təkcə imkansız və ya imkanlı ailələr məsələsi deyil", - o deyib. Psixoloq sosial şəbəkələrin nəzarətə götürülməsinin, yalnız uşaqlar üçün deyil, eləcə də yetkin istifadəçilər üçün də müəyyən qaydada tənzimlənməsinin çox faydalı olacağını qeyd edib: "Bu gün sosial şəbəkələr vasitəsilə yayılan bir çox biabırçılıqlar, qanunsuzluqlar və faciələr, nəzarət mexanizmləri olsa, böyük ehtimalla ya baş verməz, ya da minimuma enərdi. Təəssüf ki, valideynlərin bir qismi hesab edir ki, yeniyetmələr və uşaqlarla bağlı hər bir məsələ yalnız məktəbin, müəllimlərin və ya ümumilikdə sosial mühitin üzərinə düşür. Bu, düzgün yanaşma deyil. Əslində əsas məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür. Çünki sonda nəticə ailənin daxilində formalaşır və problem də çox vaxt oradan başlayır. Ona görə də burada ən vacib məsələ maarifləndirmədir. Valideynlər uşağın psixologiyası haqqında məlumatlı olmalı, hansı yaş dövründə hansı psixoloji ehtiyacların olduğunu bilməli və bu ehtiyacları düzgün şəkildə yönləndirməyi bacarmalıdırlar. Əgər bu yanaşmalar düzgün şəkildə həyata keçirilsə, həm sosial şəbəkələrdə, həm də real həyatda uşaqlar nə cinayətin qurbanı olar, nə də özləri cinayət törətmiş olarlar".
Təhsil üçün zəruri addım Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, Azərbaycanda məktəblər özləri də müəyyən qaydaları tənzimləyə bilər, çünki onların buna səlahiyyəti çatır: "Tədris ilinin əvvəlində bütün valideynlərə qaydalar təqdim oluna, hətta imzaladıla bilər ki, hər kəs məktəbdə mobil telefon istifadəsi ilə bağlı tələblərdən xəbərdar olsun. Mənim təklifim budur ki, əgər şagird dərs zamanı telefondan istifadə edirsə, müəllim onun telefonunu müvəqqəti götürə bilməlidir. Əslində telefon müəllim tərəfindən zorla alınmamalıdır, şagird özü təqdim etməlidir. Əgər təqdim etməzsə, həmin halda valideyn məktəbə dəvət olunmalı, məsələ müzakirə edilməli və məktəbin davranış qaydalarına uyğun olaraq müəyyən intizam tədbirləri tətbiq olunmalıdır. Bu tədbirlər məktəbdə əlavə vaxt saxlamaq, müəyyən müddət dərsdən uzaqlaşdırmaq və ya digər intizam mexanizmləri ola bilər. Məktəblərdə artıq davranış qaydaları mövcuddur və telefon istifadəsi ilə bağlı tələblər həmin qaydalara inteqrasiya edilə bilər". Q.Məhərrəmovun sözlərinə görə, uşaqların sosial mediadan və smartfonlardan uzaq qalması onların təhsil nailiyyətlərinə yalnız müsbət təsir göstərə bilər: "Uşaqların sosial mediadan və smartfonlardan uzaq qalması onların təhsil nailiyyətlərinə müsbət təsir göstərə bilər. Xüsusilə təhsil prosesində uşaqlar telefonlardan uzaq olmalıdırlar. Telefonlar ya çantada, ya xüsusi ayrılmış dolablarda saxlanmalıdır. Şagird telefonun səsini, titrəyişini və ya bildirişlərini hiss etməməlidir. Çünki 30 nəfərlik sinifdə müəllimin hər kəsə eyni anda nəzarət etməsi mümkün deyil. Şagird telefon vasitəsilə mesajlaşa, kiminsə şəklini çəkə, sosial şəbəkələrdən istifadə edə bilər. Bu isə həm tədris prosesini pozur, həm də əlavə risklər yaradır".
Valideyn nəzarəti və sosial media təhlükələri Valideynlər, məktəblər və dövlət qurumları uşaqların zərərli informasiyadan qorunması və sosial mediadan təhlükəsiz istifadəsinin təmin olunması üçün birgə fəaliyyət göstərməlidirlər. Q.Məhərrəmovun sözlərinə görə burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür: "Telefonun içində quraşdırılan tətbiqlər valideyn nəzarətindən keçməlidir. Uşaq valideynin xəbəri olmadan tətbiq yükləyə bilməməlidir. Valideyn mütəmadi olaraq telefonu yoxlamalı, mesajlaşmaları, dost çevrəsini və istifadə etdiyi tətbiqləri nəzərdən keçirməlidir. Bu, valideyn məsuliyyətinin ayrılmaz hissəsidir. Məktəb yalnız telefonun təhsil ocağında istifadəsinin qarşısını ala bilər. Lakin uşağın sosial media davranışlarına nəzarət etmək valideynin vəzifəsidir. Dövlət qurumları isə sosial media platformalarının qarşısında müəyyən öhdəliklər qoya bilər. Məsələn, uşaqların yaşlarını saxtalaşdıraraq qeydiyyatdan keçməsinin qarşısını alan mexanizmlər yaradılması tələb oluna bilər. Eyni zamanda sosial media platformalarının uşaq və yeniyetmələr üçün ayrıca versiyaları hazırlanmalıdır. Məsələn, Instagram yeniyetmələr üçün xüsusi hesab mexanizmləri təqdim edib. TikTok, Facebook və digər platformalar da uşaqlar üçün daha təhlükəsiz versiyalar hazırlaya bilərlər". Mütəxəssis onu da bildirib ki, əgər hansısa platforma 13 və ya 15 yaşdan aşağı uşaqların istifadəsinə icazə vermirsə, valideyn yaş məlumatlarını saxtalaşdıraraq övladını həmin platformaya daxil etməməlidir.
Sosial münasibətlər və rəqəmsal asılılıq arasında balans Sosioloq Naib Niftəliyev açıqlamasında deyib ki, valideyn-övlad, məktəb-müəllim, müəllim-şagird münasibətlərində yaşanan ziddiyyətlər onu göstərir ki, müasir texnologiyalar həm böyükləri, həm gəncləri, həm də nisbətən kiçik yaşlı uşaqları əhatə edərək əlavə asılılıq yaradır: "Xüsusilə erkən yaş dövründə sosial media və texnologiyalardan asılılıq artıq müasir dövrün əsas problemlərindən biri kimi qiymətləndirilir. Uşaqlar üçün nəzərdə tutulan bəzi platformalar onların psixoloji formalaşmasına təsir etməyi, altşüur səviyyəsində yönləndirmə yaratmağı və gələcək davranış modellərinə təsir göstərməyi hədəfləyir. Bu isə sosial marketinqin xüsusi bir forması kimi qiymətləndirilə bilər. Bu baxımdan düşünürəm ki, məhdudiyyətlərlə yanaşı, uşaqlara sosial media və internet texnologiyalarından faydalı istifadə üçün alternativ və sağlam mühit də yaradılmalıdır. Yəni, uşaqları yalnız məhdudlaşdırmaq kifayət etmir, həmin məhdudiyyətlərin səbəbi də düzgün izah edilməlidir. Eyni zamanda bu məhdudiyyətlərin qarşılığında onların inkişafı, əyləncəsi, intellektual və yaradıcı potensialının formalaşması üçün uyğun imkanlar və mühit təmin olunmalıdır ki, uşaq öz düşüncəsini sərbəst və yaradıcı şəkildə inkişaf etdirə bilsin. Burada həm klassik pedaqoji yanaşmalar, həm də müasir texnologiyalar sintez edilməlidir".
Sosioloq Üzeyir Şəfiyev də sözügedən tənzimləmənin təkcə dövlət və hökumət orqanlarının işi deyil, eyni zamanda valideynlərin və ümumilikdə ailənin də məsuliyyəti olduğunu əlavə edib: "Bu proses korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilməlidir və burada ailə, məktəb, müvafiq dövlət qurumları və qeyri-hökumət sektoru birgə əməkdaşlıq etməklə sosial media mühitini daha sağlam hala gətirə bilər. Uşaqların sosial şəbəkə platformalarında interaktiv məzmunlardan istifadəsi hər zaman faydalı olmur, bəzən isə mənfi təsirlərə də yol aça bilər. Ona görə də valideynlər uşaqlara nəzarət etməlidirlər. Əgər valideyn nəzarəti mümkün deyilsə, bu məsuliyyət müəyyən hallarda qəyyumların, sosial xidmət orqanlarının və ya təhsil müəssisələrinin üzərinə düşməlidir ki, uşaqlar zərərli və qeyri-məqbul kontentdən uzaq saxlanılsın". Ü.Şəfiyev təklif edib ki, sosial şəbəkə platformalarında dezinformasiya yaradan, qərəzli və zərərli paylaşımların qarşısını alan daha ciddi tənzimləmə mexanizmləri tətbiq edilsin: "Bu cür tədbirlər sayəsində uşaqların və yeniyetmələrin sosiallaşma prosesində yaranan mənfi halların qarşısını almaq mümkün ola bilər. Beləliklə, intellektual və rəqəmsal texnologiyaların düzgün idarə olunması, informasiya kirliliyinin qarşısının alınması nəticəsində bu sahə daha təhlükəsiz mühitə çevrilə bilər". Nəticə etibarilə rəqəmsal mühit artıq sadəcə kommunikasiya vasitəsi deyil, uşağın dünyanı dərk etmə tərzini formalaşdıran güclü bir ekosistemdir və bu ekosistemin nəzarətsizliyi azadlıq deyil, əksinə, müdafiəsizlik yaradır. Uşağı rəqəmsal dünyanın içində sərbəst buraxıb sonra "niyə belə oldu?" sualını vermək çox gecikmiş bir məsuliyyətdir. Telefonu sakitlik üçün dayə kimi verib, tərbiyəni alqoritmlərə həvalə edən valideyn gec-tez nəticəyə də kənardan baxmalı olur. Çünki nəzarətsiz buraxılan hər ekran, əslində, uşağın xarakterini başqasının yazdığı bir ssenariyə çevirir. Sosial şəbəkələrin açıq alqoritmləri, emosiyaya hesablanmış məzmun axını və kommersiya maraqları uşaqları öz seçim qabiliyyəti formalaşmamışdan qabaq təsir altına salır. Ona görə də məsələ qadağa qoymaqda yox, həssas yaş dövrünü qoruyan ağıllı çərçivə yaratmaqdadır. Təklif olunan yanaşma da məhz bu balansı hədəfləyir: uşağı rəqəmsal dünyadan uzaqlaşdırmadan onu həmin dünyanın risklərindən sığortalamaq. Bu, həm ailənin məsuliyyətini gücləndirir, həm platformaları daha etik davranışa məcbur edir, həm də dövlətin gələcək nəsillərə qarşı preventiv qayğısını hüquqi müstəviyə daşıyır. Uzunmüddətli perspektivdə bu cür tənzimləmə uşaqları məhdudlaşdırmır, əksinə, onları daha sağlam düşüncə, daha dayanıqlı psixologiya və daha təhlükəsiz rəqəmsal vərdişlərlə gələcəyə hazırlayır. Report İnformasiya Agentliyi
Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA Kliklə başlayan risk: Uşaqları kim böyüdür - valideyn, yoxsa sosial media? - ARAŞDIRMA
Mənbə oxu.az

Oxşar Xəbərlər