İqtisadiyyat
IATA: "Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır"
"Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkindir". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində bu gün aviasiya sektorunun sürətli böyüməsi nümayiş olunur. "Region olduqca maraqlıdır. Azərbaycan artıq uzun müddətdir inkişaf edir və Mərkəzi Asiya dövlətləri ilə müqayisədə daha yetkin bazardır, çünki bu yola daha tez başlayıb. Mərkəzi Asiyadan danışırıqsa, Qazaxıstan uzun müddət regionun lideri olub, digər ölkələrdən daha sürətlə inkişaf edib və böyük işlər görüb. Onun üçün əsas çağırışlardan biri uçuşların təhlükəsizliyi idi, lakin zaman keçdikcə ölkə sözdə "qara siyahı"lardan çıxmağı bacardı. Bu, aviasiya sahəsinin inkişafında mühüm rol oynadı və yerli aviaşirkətlərin böyüməsinə təkan verdi. Qazaxıstan, Özbəkistan və Azərbaycana nəzər salsaq, onları maraqlı bir amil birləşdirir: geosiyasi böhran müəyyən dərəcədə hava axınının (trafikin) artmasına və regionun potensialının üzə çıxmasına şərait yaradıb. Azərbaycan hələ ilkin mərhələlərdə beynəlxalq logistik və humanitar əməliyyatlarda fəal iştirak edib ki, bu da irihəcmli yük terminallarının və yük aviasiyasının inkişafına imkan yaradıb", - R. Şvartsman qeyd edib.
Mənbə
oxu.az