İdman
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
Dünya futbolunun əfsanəsi, səkkizqat "Qızıl top" sahibi Lionel Messi 2026-cı il üçün idman sahəsində nüfuzlu "Asturiya şahzadəsi" mükafatının laureatı adını qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat Asturiya Şahzadəsi Fondunun rəsmi saytında dərc olunub. Argentinalı ulduzun bu ali mükafata layiq görülməsində təkcə yaşıl meydanlardakı bənzərsiz uğurları deyil, eyni zamanda "Leo Messi" Fondu vasitəsilə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti və UNİSEF-in xoşməramlı səfiri kimi oynadığı mühüm rol xüsusi vurğulanıb. Qeyd edək ki, 38 yaşlı Messinin namizədliyi "Vetusta Universidad de Oviedo Triatlon" klubunun prezidenti David Qonsales Alonso tərəfindən irəli sürülüb. Ümumilikdə isə bu il idman nominasiyası üzrə 12 ölkədən 27 namizəd mübarizə aparıb. "Asturiya şahzadəsi" İspaniyada təsis edilmiş və hər il dünyanın dörd bir yanından elm, mədəniyyət, idman, humanitar və digər sahələrdə müstəsna nailiyyətlər əldə etmiş görkəmli şəxsiyyətlərə, eləcə də təşkilatlara təqdim edilən beynəlxalq səviyyəli mükafatdır. Mükafatların təqdimat mərasiminin oktyabr ayında təntənəli şəkildə keçirilməsi planlaşdırılır. Hər bir qalibə ispan rəssamı Xoan Mironun yaratdığı heykəl, xüsusi diplom, fərqlənmə nişanı və 50 000 avro məbləğində pul mükafatı təqdim olunacaq. Eyni zamanda, məşhur futbolçu dünya çempionatında iştirak edəcək Argentina milli komandasının yekun heyətinə daxil edilib və bununla da karyerası ərzində altıncı dəfə mundialda çıxış etmək fürsəti qazanıb. Xatırladaq ki, Messi səkkizqat "Qızıl top" sahibi, futbol tarixinin ən çox titul qazanmış oyunçusu, 2022-ci ilin dünya çempionu, Çempionlar Liqasının dördqat, İspaniyanın isə onqat çempionudur.
Mənbə
oxu.az